AZ

Özbək şairi: Poeziya Türk dünyasını yaxınlaşdırır və ruhları oyadır

Bakı, 12 yanvar, Günel Alıyeva, AZƏRTAC

Ortaq köklər, ənənələrin ahəngdarlığı və nadir səmimiyyətə malik insani münasibətlər – Özbəkistanla Azərbaycanı ən çox birləşdirən məhz bu amillərdir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində özbək şair və tərcüməçi, “Kitab aləmi” qəzetinin baş redaktoru Xosiyat Rustamova danışıb.

O vurğulayıb ki, iki xalq arasındakı oxşarlıq təkcə tarixi yaxınlıqla məhdudlaşmır, həm də səmimi qonaqpərvərlik, alicənablıq və yaxşılığa yaxşılıqla cavab vermək bacarığı kimi xüsusiyyətlərdə özünü göstərir.

Onun sözlərinə görə, həm azərbaycanlılar, həm də özbəklər ən kiçik xeyirxahlığa belə gözəl və səxavətlə təşəkkür etməyə çalışır, dostu dar gündə tək qoymur, cəsarət və mərdliyi eyni dərəcədə uca tutur, haqsızlığı qəbul etmirlər.

“Ən əsas məsələ odur ki, bizim ortaq köklərimiz var, adət-ənənələrimiz isə bir ağacın budaqları kimi bir-birinə bənzəyir”, – deyə şair qeyd edib.

Onun fikrincə, bu mənəvi yaxınlıqda “qardaş” müraciəti xüsusi yer tutur. “Azərbaycanlıların özbəklərə “qardaş” deyə müraciət etməsi çox dərin məna daşıyır. İnsanlar arasındakı bu istilik dövlətlərarası münasibətlərin xarakterində də öz əksini tapır. Xalqlarımız arasındakı səmimi münasibətlər iki ölkə arasındakı əlaqələrdə də görünür. Axı dövləti yaradan elə xalqın özüdür”, – deyə müsahibimiz vurğulayıb.

Dəyər meyarlarının üst-üstə düşməsindən danışan Xosiyat Rustamova iki dövlətin siyasətində humanist istiqamətə də diqqət çəkib. O bildirib ki, dostluq və qardaşlığın dəstəklənməsi etibarlı əməkdaşlıq və tarixi qohumluqla möhkəmlənir.

Onun sözlərinə görə, mədəniyyətlərin yaxınlığı, tarixi yaddaşın ümumiliyi və ənənələrin oxşarlığı bu birliyin möhkəm əsasını yaradır.

Özbəkistanın digər ölkələrlə mədəni yaxınlığı barədə suala cavab verən Xosiyat Rustamova qeyd edib ki, bu gün məhz Azərbaycan Özbəkistanla ən sıx əlaqələr qurmuş ölkələrdən biridir. Nümunə kimi müsahibimiz Özbəkistanda yaşayan Azərbaycan diasporunu, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini, özbək teatrlarının səhnələrində Azərbaycan yazıçılarının əsərlərinin tamaşaya qoyulmasını, eləcə də Azərbaycan mahnılarının Özbəkistanın milli vokal sənətində geniş yer tutmasını göstərib.

Onun sözlərinə görə, özbək tamaşaçıları bu mahnıları öz doğma ifaları kimi qəbul edir, ədəbi əlaqələr yüksək səviyyədə inkişaf edir, Azərbaycan müəlliflərinin əsərlərinin təqdimatları keçirilir, iki ölkənin ədəbiyyat nümayəndələri arasında şəxsi münasibətlər daha da möhkəmlənir. Bununla yanaşı, o qeyd edib ki, bu cür qardaşlıq bağlarının digər türk dövlətləri ilə də güclənməsi xüsusilə sevindiricidir.

Özbək və Azərbaycan poeziyasında daha çox səslənən mövzulara toxunan Xosiyat Rustamova bildirib ki, sülh, birlik və qardaşlıq motivləri qədim dövrlərdən tərənnüm olunur. Bu kontekstdə o, klassiklər arasında mövcud olmuş yüksək ədəbi ehtiram nümunəsini xatırladıb: Əlişir Nəvai “Xəmsə” üzərində işə başlayarkən Nizamiyə dərin hörmətini ifadə edib.

Şairin sözlərinə görə, bu fakt özü göstərir ki, iki xalqın dahiləri arasında qarşılıqlı tanınma və mənəvi varislik mədəniyyəti nə qədər dərin olub.

“Bu gün Azərbaycan müəlliflərinin əsərlərində özbəklərin səsi eşidilir, özbək müəlliflərinin misralarında isə azərbaycanlıların səsi duyulur”, – deyə o əlavə edib.

Müsahibimiz vurğulayıb ki, poeziya ruhun halıdır və buna görə də daxili dünyası ahəngdar olan qohum xalqlar arasında oxşarlıq xüsusilə aydın şəkildə üzə çıxır.

Xosiyat Rustamova ayrıca şairlərin, yazıçıların, ədəbiyyatşünasların və ziyalıların Türk dünyasının mədəni məkanının möhkəmləndirilməsində roluna toxunub.

Onun sözlərinə görə, bu prosesdə onların missiyası əvəzolunmazdır: ədəbiyyat insan ruhunu oyadır, xalqları ləyaqəti qorumağa çağırır, onun əsas silahı isə sözdür.

“Güclü söz tüfəngdən atılan güllə ilə müqayisə oluna bilər. Amma bu söz öldürmür – dirildir, ümid verir”, – deyə o bildirib və əlavə edib ki, “yatan qəlbin” oyadılması, insanın ruhunun geri qaytarılması mənəvi dirçəlişə bərabərdir.

Xosiyat Rustamovanın fikrincə, məhz buna görə Türk dünyasının geniş və güclü mədəni məkanını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil. Bu məkanı möhkəmləndirmək, insanlarda ləyaqət, inam və birlik hissini oyatmaq isə yaradıcı və elmi ziyalılığın üzərinə düşən mühüm vəzifədir.

Seçilən
22
azertag.az

1Mənbələr