AZ

Kadırov səhhəti ilə bağlı şayiələri təkzib edib

Çeçenistan rəhbəri internetdə yayılan dezinformasiyalara qarşı daha sərt tədbirlərin görülməsini tələb edib...

Çeçenistan rəhbəri Ramzan Kadırov guya böyrəklərinin fəaliyyətinin dayanması səbəbindən xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan şayiələri təkzib edib və regionun milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevə internetdə feyk məlumatlara qarşı mübarizənin gücləndirilməsi barədə göstəriş verib.

Poliqon xəbər verir ki, bu barədə yeni ilin ilk iclasından yayımlanan video Kadırovun Telegram kanalında paylaşılıb.

Görüntülərdə Ramzan Kadırov son vaxtlar onun səhhəti ilə bağlı yayılan növbəti şayiələrə toxunaraq, guya ağır vəziyyətdə xəstəxanada olduğu və yanına Moskvadan həkimlərin gətirildiyi barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib.

“Məni televiziyada və sosial şəbəkələrdə gördükləri halda yenə də xəstə olduğumu iddia edirlər”, deyə Ramzan Kadırov qeyd edib.

Çeçenistan rəhbəri bu cür “ödənilmiş və sifarişli məlumatlara” inanan insanların olmasına təəccüb etdiyini də vurğulayıb. Onun sözlərinə görə, məqsəd ictimai rəydə çaşqınlıq yaratmaq və yalan informasiyalar vasitəsilə təzyiq göstərməkdir.

Qeyd edək ki, Ramzan Kadırov bundan əvvəl də, yanvarın 2-də səhhəti ilə bağlı yayılan şayiələri təkzib etmişdi. Həmin vaxt nazir Əhməd Dudayev Kadırovun iştirakı ilə video paylaşaraq, onun dekabrın sonu və yanvarın əvvəllərindəki iş qrafiki barədə məlumat vermişdi. Bildirilmişdi ki, 2025-ci ilin sonunda Kadırov iclaslar keçirib, sakinləri bayram münasibətilə təbrik edib və silahdaşları ilə videolar çəkib.

Yeni ilin ilk günlərində isə Çeçenistan rəhbərinin xüsusi hərbi əməliyyat zonasına yeni texnikanın göndərilməsinə göstəriş verdiyi, Qroznıda gəzintiyə çıxdığı, cümə namazında iştirak etdiyi və videoçarxların hazırlanmasında yer aldığı qeyd olunub. Əhməd Dudayev vurğulayıb ki, Kadırovun guya Moskvada kritik vəziyyətdə xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr