AZ

Dünyanın ən qədim çayı 400 milyon ildir mövcuddur - Harada yerləşir?

Alimlərin fikrincə, bu çay Yer üzündə dinozavrlardan da əvvəl yaranıb və bu günə qədər mövcudluğunu qoruyub saxlayıb...

Poliqon xəbər verir ki, dünyada mövcud olan çayların da öz “həyat dövrü” var: bəziləri minilliklər ərzində genişlənir, landşaftda dərin izlər buraxır, digərləri isə zamanla quruyaraq yox olur. Bununla belə, bəzi çaylar digərlərinə nisbətən xeyli daha uzunömürlüdür. “Live Science” nəşrinin yazdığına görə, hazırda dünyanın ən qədim çayı hesab edilən Finçe çayı 300–400 milyon ildir mövcuddur.

Məlumata görə, Finçe çayı Avstraliyada yerləşir və ilin cəmi bir neçə günü axır. Yağıntılardan sonra çay qısa müddət ərzində canlansa da, suların böyük hissəsi adətən Simpson səhrasının qumlarında itib-batır. İlin qalan dövründə isə çay tamamilə fərqli görünüş alır və bir-birindən ayrı düşmüş su hövzələri zənciri şəklində mövcud olur.

Finçe çayının uzunluğu təxminən 640 kilometrdir. O, Avstraliyanın mərkəzində — Şimal Ərazisi və Cənubi Avstraliya əyalətləri ərazisindən keçir. Qitənin mərkəzində hökm sürən quraq iqlim şəraiti səbəbindən çay fasilələrlə axır. Buna baxmayaraq, geoloji məlumatlar və izotop ölçmələri Finçe çayının yaşının 300–400 milyon il olduğunu göstərir. Bu isə o deməkdir ki, çay Yer üzündə dinozavrların meydana çıxmasından xeyli əvvəl formalaşıb.

ABŞ-nin Arizona Dövlət Universitetinin professoru Viktor Beykerin sözlərinə görə, Finçe çayının bu qədər qədim olduğunu sübut edən ən mühüm dəlillərdən biri “eninə drenaj” adlanan geoloji anomaliyadır. Adətən çaylar daha zəif süxurlar boyunca axır, lakin Finçe çayı möhkəm kvarsit süxurlarını kəsərək Makdonnell silsiləsindən keçir. Alimlər bunu onunla izah edirlər ki, çay dağlar yaranmazdan əvvəl mövcud olub və yer qabığı qalxdıqca axarını dəyişmədən süxurları yararaq yoluna davam edib.

Qeyd olunur ki, Makdonnell silsiləsi də təxminən 300–400 milyon il əvvəl formalaşıb. Bu fakt Finçe çayının ən azı bu dağlar qədər qədim olduğunu təsdiqləyir. Bundan əlavə, süxurların aşınması və eroziyası üzrə aparılan tədqiqatlar, eləcə də radioaktiv izotopların parçalanmasının öyrənilməsi çayın çox qədim tarixə malik olduğunu bir daha sübut edib. Alimlər izotopların sabit parçalanma sürətinə əsaslanaraq çayın keçdiyi süxurların yaşını müəyyən ediblər və bu da Finçe çayının mənşəyi və təkamülü haqqında dolğun təsəvvür yaradıb.

Mütəxəssislərin fikrincə, Finçe çayının bu qədər uzun müddət mövcud qalmasının əsas səbəbi Avstraliya materikinin geoloji baxımdan olduqca sabit olmasıdır. Avstraliya plitəsinin mərkəzində yerləşən qitə son yüz milyonlarla il ərzində ciddi tektonik fəallıq yaşamayıb. Bu da Finçe çay sisteminin tarixinin böyük hissəsində fasiləsiz şəkildə inkişaf etməsinə imkan verib.

Bununla belə, alimlər çayın gələcək taleyi ilə bağlı dəqiq proqnoz verməkdə çətinlik çəkirlər. Əgər Finçe çayı nə vaxtsa tamamilə quruyarsa, dünyanın ən qədim çayı statusu ABŞ-nin Virciniya, Qərbi Virciniya və Şimali Karolina ştatlarından axan, təxminən 300 milyon illik tarixi olan Nyu-River çayına keçə bilər.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr