AZ

İran çökür: Ermənistan üçün yeni türk sərhədi qorxusu...

Ermənistanda siyasi ekspertlər açıq şəkildə etiraf edirlər ki, İrəvan uzun illər blokadanı yarmaq və iqtisadi vəziyyətdən çıxmaq üçün İrana güvənib.

Musavat.com xəbər verir ki, bu fakt Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində İran amilinin də mühüm rol oynadığını açıq şəkildə ortaya qoyur.

İndi isə həmin siyasi şərhçilərdən biri, kremlçi mövqeyi ilə tanınan Arman Abovyan vurğulayır ki, İranda baş verən hər hansı daxili təlatüm, xüsusilə də “Cənubi Azərbaycan” ideyasının gündəmə gəlməsi Ermənistan üçün artıq milli təhlükəsizlik deyil, birbaşa ekzistensial təhlükə kimi qiymətləndirilməlidir. Onun fikrincə, İranda türklərin siyasi hakimiyyətə gəlməsi və ya Cənubi Azərbaycan adlı bir dövlətin formalaşması Ermənistan üçün fəlakətli ssenari hesab olunur.

Abovyan qeyd edir ki, İranda dərinləşən böhran və etirazların uzanması yalnız bu ölkə ilə məhdudlaşmayacaq. Belə bir ssenari bütün Cənubi Qafqaz üçün “domino effekti” yaradaraq regionda mövcud güc balansını kökündən dəyişə bilər. Xüsusilə vurğulanır ki, İranda destabilizasiya fonunda “Cənubi Azərbaycan” ideyasının yenidən aktuallaşması real və təhlükəli risklər sırasındadır.

Beləliklə, Ermənistanın illərdir İrana arxalanması fonunda, bu ölkədə daxili sabitliyin pozulması İrəvanın təhlükəsizlik mühitini ciddi şəkildə sarsıda bilər. Ermənistan artıq başqa bir sərhədində də türk amili ilə üz-üzə qalmaq ehtimalından açıq şəkildə çəkinir. Bu isə Ermənistan cəmiyyətində və siyasi dairələrində ciddi təşviş yaradır.

Abovyanın fikrincə, İrandakı prosesləri “başqasının problemi” kimi qiymətləndirmək Ermənistan üçün son dərəcə təhlükəli yanaşmadır. O xəbərdarlıq edir ki, əgər İrəvan bu reallığı vaxtında dərk etməzsə, regionda baş verəcək geosiyasi dəyişikliklərin ilk və ən ağır zərbəsini alan tərəflərdən biri məhz Ermənistan ola bilər.

Seçilən
13
paytaxt.org

1Mənbələr