“Mən ona qalib gəlmişdim”.

Bunu Offsideplus.az saytına açıqlamasında azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov deyib.

33 yaşlı idmançı “Rizin” turnirində keçirdiyi son döyüş barədə fikirlərini bölüşüb:

"Öz döyüşümdən razıyam. Qalib gəlmək üçün əlimdən gələni etdim. Sadəcə, hakim ədalətsizliyi ilə üzləşdim. Rəqibim yaxşı idmançıdır, iki dəfə kəmərini qorumağı bacarıb. Ancaq həmin gün mən ondan güclü idim. Təəssüf ki, hakimlər qələbəni mənə vermədilər. Zaldakı azarkeşlərin də çoxu deyirdi ki, bu qarşılaşmanın qalibi Vüqar olmalıdır. Hətta sonradan mənə yaxınlaşıb gözəl döyüş üçün təşəkkür edənlər də oldu”.

O, növbəti döyüşünün təxmini tarixini də açıqlayıb:

“Hazırda heç bir zədəm, yaxud da ağrım yoxdur. Növbəti döyüşümün isə aprel–may aylarında olacağı gözlənilir”.

Qeyd edək ki, Kərəmov 66 kq çəki dərəcəsində braziliyalı Kleber Koyke ilə qarşılaşıb. Üç raund davam edən döyüşdə Koyke hakimlərin qərarı ilə qalib elan edilib.