AZ

Vatikan Maduro üçün ABŞ-la gizli diplomatik əlaqə saxlayıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Vatikan ötən ilin dekabr ayının sonunda ABŞ-ı Venesuela Prezidenti Nikolas Maduroya ölkəni tərk etmək və Rusiyada siyasi sığınacaq almaq imkanı verməyə razı salmağa çalışıb.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqları Müqəddəs Taxt-Tacın dövlət katibi, italiyalı kardinal Pyetro Parolin aparıb. O, Milad bayramı ərəfəsində ABŞ-ın Vatikandakı səfiri Brayan Berçi təcili şəkildə qəbul edərək Vaşinqtonun Venesuela ilə bağlı planları ilə maraqlanıb.

Görüş zamanı Parolin ABŞ-ın “səbir nümayiş etdirməli” olduğunu bildirib və Nikolas Maduroya yaranmış vəziyyətdən “çıxış yolu” təklif edilməsinin vacibliyini vurğulayıb. O, Moskvanın Venesuela liderinə siyasi sığınacaq verməyə hazır olduğunu da amerikalı diplomatın diqqətinə çatdırıb.

Mənbələrin bildirdiyinə görə, bir neçə gün ərzində Parolin ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə yaratmağa çalışıb və məqsədinin Venesuelada qan tökülməsinin və ölkənin daha dərin destabilizasiyasının qarşısını almaq olduğu qeyd edilib.

Rusiya tərəfinin mövqeyi ilə tanış olan mənbə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Nikolas Maduroya təhlükəsizlik zəmanəti verib və yalnız onun özünü deyil, ətrafını da qəbul etməyə hazır olub.

Digər mənbənin sözlərinə görə, ABŞ-ın xüsusi əməliyyatına bir neçə gün qalmış Maduroya “son xəbərdarlıq” edilib. Lakin Venesuela liderinin razılaşmaya getmək niyyətində olmadığı və “baş verənləri kənardan izləməyə üstünlük verdiyi” iddia olunur.

Qeyd edilir ki, ABŞ daha əvvəl də Maduroya könüllü istefa və ölkəni tərk etmə təklifləri irəli sürüb. Vaşinqton onun Çin və ya Rusiyada sığınacaq axtara biləcəyini də istisna etməyib. Lakin Maduro Qərb yarımkürəsində qalmaq istədiyini bildirib.

Yanvarın 3-nə keçən gecə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ABŞ ordusunun “Delta Force” xüsusi təyinatlı bölməsinin əməliyyatı nəticəsində saxlanılaraq ABŞ-a aparılıb. Onlara “narkoterrorizm”, qanunsuz silah saxlanması və narkotik qaçaqmalçılığı ittihamları irəli sürülüb.

Seçilən
42
turkic.world

1Mənbələr