Venesuelanın müvəqqəti hökumətinin qərarı ilə 30–50 milyon barel yüksək keyfiyyətli neftin yaxın günlərdə Amerika Birləşmiş Ştatlarına göndərilməsi planlaşdırılır.
Editor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında neft satışından əldə olunacaq gəlirin həm Venesuela, həm də ABŞ xalqlarının maraqları naminə istifadə ediləcəyini bildirib.
Ağ Evin sözçüsü Karolin Levitt Fox News telekanalına açıqlamasında qeyd edib ki, neftin ABŞ-a tədarükü artıq planlaşdırılıb və nəzərdə tutulan həcm bu prosesin birinci mərhələsini təşkil edir. Onun sözlərinə görə, satışdan əldə edilən gəlirlər ABŞ tərəfindən idarə olunan xüsusi maliyyə hesablarına köçürüləcək.
Prezident Tramp isə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, sözügedən neft bazar qiymətləri ilə satılacaq və əldə olunan vəsait məqsədyönlü şəkildə istifadə olunacaq.
Mütəxəssislər bu qərarı ABŞ-ın Venesuela neft sektoruna dair strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər. ABŞ hökuməti enerji şirkətlərinin Venesuelada neft infrastrukturu layihələrinə cəlb edilməsinə hazır olduğunu bəyan edib. Eyni zamanda, bu həcmdə neftin ABŞ enerji bazarına əhəmiyyətli təsir göstərəcəyi proqnozlaşdırılır.
Ağ Ev layihənin icrası ilə bağlı nəzarət mexanizmlərinin gücləndiriləcəyini və satışdan əldə olunan vəsaitin şəffaf şəkildə idarə olunacağını açıqlayıb.