AZ

“Uşaqların tədris prosesindəki sağlamlığı Allah ümidinə qalıb”

Məktəblərdə uşaqların tədris prosesi zamanı yarana biləcək sağlamlıq problemləri ilə bağlı məşğul olan tibbi həkimlərə dair şikayətlər hər keçən gün artır. Valideynlər və şagirdlər dərmanların yetərsiz olmasından və ya hər problemdə eyni dərman növünün verilməsindən narazıdırlar. Məktəblərdə göstərilən tibbi xidmətin vəziyyəti hələ də qaneedici sayılmır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, Nazirlər Kabinetinin 25 noyabr 2010 cu il tarixli 217 nömrəli “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”, 218 nömrəli qərarla “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları” mövcuddur:

Elşən

“Qaydalar üzrə hər bir dövlət təhsil müəssisəsi yerləşdiyi əraziyə xidmət edən tibb müəssisəsinin tibbi xidmətindən dövlət hesabına istifadə etməlidir. Eyni zamanda məktəbin yerləşdiyi sahənin həkimi məktəbin sahə həkimi hesab edilir. Yaşı 18-dən aşağı olanların əksəriyyəti məktəbdə olduğu üçün sahə həkimi gündəlik iş saatının müəyyən hissəsini məktəbdə həyata keçirir. Tibbi xidmətin təşkili qaydalarına əsasən, tibb otağı və oradakı avadanlıqlar Elm və Təhsil Nazirliyi tərəfindən təmin olunur. Dərmanlar və tibb kadrları ilə təminatı ərazidəki ambulator tibb müəssisəsi həyata keçirir. Bu, şəhərlərdə poliklinikalar, kəndlərdə isə kənd ambulator məntəqələridir”.

 

E.Qafarov bildirib ki, ambulator tibb müəssisəsinin vəzifələrindən biri də məktəblərdə uşaqların icbari dispanserizasiyasını həyata keçirməkdir: “Təəssüf ki, icbari dispanserizasiya, demək olar ki, keçirilmir, həmçinin məktəblərdə tibb kadrlarında böyük çatışmazlıq var. Bir sıra məktəblərdə bu problem halına gəlib. Dərman təminatı ilə bağlı vəziyyət ürəkaçan deyil. Uşaqların tədris prosesindəki sağlamlığı bir sözlə Allahın ümidinə qalıb”.

 

Şəhanə Quliyeva

Tarix: 13 Yanvar 2026, 08:01   
Seçilən
163
pravda.az

1Mənbələr