AZ

Yeriyən Ramil, dirilən “Qarabağ” və 5:0…

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Qarabağ” Antalyada təlim-məşq toplanışının ikinci gününə yoxlama oyunu təyin etmişdi. Rəqib Özbəkistanın son çempionu Fərqanə “Neftçi”si idi.

Oyunun ilk 10 dəqiqəsində 3 qol vuran “Qarabağ” ilk hissəni 4:0 üstünlüklə bitirdi. Amma var-gücü ilə oynayasaydı, bir o qədər qol da vura bilərdi.

İlk hissə bu heyətlə (99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 9. Joni Montiel, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.) oyuna çıxan “atlılar” ikinci tayma fərqli “11-lik”lə çıxdı. Yekun nəticə 5:0 oldu və deyəsən Fərqanə vadisinin bu “Neftçi”dən xəbəri yox idi…

Özbəkistan çempionuna oxşamadığı aşkar görünürdü. Əkələrin komandada köklü islahat apardığı və heyətin dəyişildiyi deyildi. Həm bu amil, həm də ən çox “Qarabağ” dirilişi nəticə barədə öz sözünü dedi.

Dekabrın sonlarına yaxın gördüyümüz “yorğun-bezgin” komandadan əsər-əlamət qalmayıb. Haşiyə çıxıb qeyd edim, Ramil Şeydayevin qaçmaq əvəzinə oyunboyu gəzməyini çıxmaq şərtilə…

…Həm fiziki durum, həm də görünür psixolojj ortam öz ritminə düşüb. Ən azı, bu yoxlama oyununda göründüyü qədər.

Qarşılaşmanı türkiyəli, rusiyalı və s. menecerlər, skautlar da izləyirdi. Həmçinin millinin baş məşqçisi Ayxan Abbasov (bu gün Bakıya qayıdacaq) və köməkçiləri, hakimlər komitəsinin yeni sədri Rəhim Həsənov, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov da.

Yeri gəlmişkən, matçı azərbaycanlı hakim Emin Əliyev idarə etdi. Antalyada təlim toplanışında olan hakimlərimizin arasında perspektivlilərdən sayılan Əliyev ikinci taymda əzələsini “dartdı”, “Qarabağ”ın həkimlərinin kiçik müdaxiləsindən sonra meydana qayıdıb oyunu davam etdirdi və ümumən pis “işləmədi”.

Oyunu Azərbaycandan gələn bir neçə azarkeş də izləyirdi və onlar 44-cü dəqiqədə bayrağımızla, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndirdilər, onların bu təşəbbüsünə arenadakılar alqışla qoşuldu.

Antalya toplanışı davam edir…

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
futbolpress.az

1Mənbələr