AZ

Aİ ölkələri Ukraynaya silah tədarükü məsələsində fikir ayrılığı yaşayır

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya silah alınması ilə bağlı ciddi fikir ayrılığı ilə üzləşib.

Editor.az Politico-ya istinadla xəbər verir ki, Fransanın Ukrayna üçün ayrılmış 90 milyard avroluq Aİ kreditinin yalnız Avropa istehsalı olan silahların alınmasına yönəldilməsi mövqeyi Kiyevin imkanlarını məhdudlaşdıra bilər.

Məqalədə qeyd olunur ki, Almaniya və Niderland Ukraynanın Aİ kredit vəsaitlərindən istifadə edərək ABŞ istehsalı olan silahları almasına icazə verilməsi məsələsində Fransa ilə eyni mövqeni bölüşmür. Bu arada Paris NATO daxilində mövcud olan fikir ayrılıqları fonunda ABŞ-a maliyyə vəsaitlərinin yönləndirilməsinin qarşısını almaq üçün səylərini artırır.

Sənədlərə əsasən, Almaniya və Niderland hökumətlərinin təşəbbüsü ilə bir sıra Aİ ölkələri Ukraynaya ayrılan maliyyə paketindən istifadə zamanı daha geniş sərbəstlik verilməsinin zəruri olduğunu hesab edir.

Niderland hökuməti digər Aİ ölkələrinə ünvanladığı çağırışda bildirib ki, Ukraynanın üçüncü ölkələrdə istehsal olunan hərbi texnikaya, xüsusilə ABŞ istehsalı hava hücumundan müdafiə sistemlərinə, tutucu təyyarələrə, F-16 qırıcıları üçün sursat və ehtiyat hissələrinə, eləcə də Rusiyanın dərinliklərinə qədər zərbələr endirməyə imkan verən vasitələrə təcili ehtiyacı var.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonunda Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin təxminən 700–800 milyard dollar maliyyə vəsaitinə ehtiyacı olduğunu açıqlayıb.

Bu bəyanat Aİ büdcəsindən Ukraynaya 90 milyard avro məbləğində kreditin ayrılması ilə bağlı qərarın qəbul edildiyi dövrə təsadüf edir. Sözügedən qərar 19 dekabr tarixində Brüsseldə keçirilən Aİ sammitində qəbul edilib. Ayrılan vəsaitin Ukraynanın 2026 və 2027-ci illər üçün təxirəsalınmaz maliyyə ehtiyaclarının ödənilməsinə yönəldilməsi nəzərdə tutulur.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr