Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Teleqraf İnformasiya Agentliyinə müsahibəsində Ukrayna ilə Azərbaycan arasında mövcud strateji tərəfdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərindən bəhs edib. O vurğulayıb ki, tərəflər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq son illərdə daha da dərinləşib. Müsahibədə, həmçinin regional təhlükəsizlik, müharibənin təsirləri və gələcək əməkdaşlıq imkanları ilə bağlı Ukrayna tərəfinin mövqeyi əks olunub.
Publika.az həmin müsahibəni təqdim edir:
- Ukrayna ilə Azərbaycan arasında mövcud münasibətləri necə qiymətləndirirsiniz? Davam edən silahlı münaqişə ikitərəfli əməkdaşlığın inkişafına necə təsir göstərib?
- Ukrayna Azərbaycanla strateji tərəfdaşlığını yüksək qiymətləndirir. Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsi şəraitində biz Azərbaycan xalqı və rəhbərliyi tərəfindən göstərilən dəstəyi xüsusilə hiss edirik.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına başlanmasından sonra Azərbaycan Ukraynaya humanitar yardım göstərən ilk ölkələrdən biri olub. Bu çərçivədə dərman vasitələri, ərzaq məhsulları, yanacaq, habelə enerji və sosial infrastrukturun bərpası üçün avadanlıqlar göndərilib.