Bakı, 13 yanvar, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlayıb. Teleradio Akademiyasının rektoru Almaz Mahmud bu təlimlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Almaz xanım, əvvəlcə “Mediada Azərbaycan dili” mövzusunda başlanan təlimlər barədə məlumat verərdiniz...
- Teleradio Akademiyasında həmişə nitq mədəniyyəti ilə bağlı təlimlər keçirilir. Lakin budəfəki layihəmiz genişmiqyaslıdır. Prezident İlham Əliyevin ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışından sonra qərara gəldik ki, belə bir təlimə başlayaq.
Həmçinin bu günlərdə Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan dili məsələsinə toxundu, jurnalistlərin dildən doğru və təmiz şəkildə istifadə etmələrinin vacibliyini vurğuladı.
Aydındır ki, dilin formalaşmasında media birbaşa rol oynayır. Buna görə də jurnalistlər dilin saflığını qorumalı, yad sözlərin ona xələl gətirməsinə imkan verməməlidirlər.
Təlimlərdə müxtəlif media qurumlarından 50-yə yaxın jurnalist iştirak edir. Hər həftənin 6-cı günü keçirilən təlimlərə ilk olaraq, ümumi şəkildə ustad dərsləri ilə başlayırıq. Sonra pararlel şəkildə dilçi alimlər və redaktə üzrə mütəxəssislər redaktor və müxbirlərə redaktə, efir aparıcılarına isə nitq mədəniyyəti üzrə təlimlər keçirlər. Təlimlər 3 ay davam edəcək, sonuncu ay bir neçə regiona səfər ediləcək və oradakı media təmsilçiləri üçün təlimlər təşkil olunacaq. Sonda iştirakçılara sertifikatlar veriləcək, eyni zamanda, təlimdəki çıxış və təqdimatlar əsasında bələdçi kitabçası çap ediləcək.
Layihənin əsas məqsədi müasir media mühitinin tələblərinə cavab verən, dil normalarına yiyələnmiş və peşəkar kadrların hazırlanmasına töhfə verməkdir.
- İlk təlim oldu, nə deyə bilərsiniz: Media nümayəndələrinin bu təlimlərə marağı necədir, nəticədən razı qalıbar?
- İlk təlim çox maraqlı oldu, çünki Nərgiz Cəlilova, Rafiq Haşımov kimi nitq mədəniyyəti mütəxəssislərinin, dilçi alimimiz Nadir Məmmədlinin təqdimatları ilə başladıq. Sözgəlişi demirəm, həqiqətən, maraqlı oldu. İnanırsınız, iştirak etmək istəyənlər də çoxdur. Deyirik ki, növbəti dəfə qoşularsınız. Görünür, bu layihəmiz davamlı olacaq, çünki təkcə media nümayəndələri deyil, digər qurumlar da müraciət edir. Yəqin ki, mərhələli şəkildə davam edəcəyik.
Bu təlimin növbəti günlərinə gəlincə, iştirakçılara praktik işlər veriləcək. Əminəm ki, hər dəfə yeniliklərlə, maraqlı yanaşmalarla da rastlaşacağıq. Bütün bunların fonunda isə dilimizi təkmilləşdirib, hamılıqla öyrənəcəyik, mütəxəssilərimizin, jurnalistlərimizin dəstəyi sayəsində cəmiyyətə təmiz nitq və yazı təqdim edəcəyik.
- Təlimlərin bölgələrdə də təşkil olunacağını bildirdiniz. Bu barədə ətraflı məlumat verərdiniz...
- Əlavə olaraq bildirim ki, bölgələrə getməmişdən bir neçə gün əvvəl bunu elan edəcəyik. Tutaq ki, Gəncəyə gedəcəyiksə, oraya yaxın rayon və şəhərlərin də media nümayəndələri dəvət olunacaqlar. Paytaxt Bakıda təqdim edilən təlim proqramını orada da reallaşdıracağıq.
- Almaz xanım, layihə çərçivəsində aparıcılar və redaktorlar üçün ayrı-ayrılıqda təlimlər təşkil olunur. Bu, nə ilə əlaqədardır?
- Aparılan monotorinq və statistikalara əsasən, deyə bilərəm ki, qüsurlar, nöqsanlar çoxdur. Bax, elə ayrı-ayrılıqda keçirilən təlimlərimiz də onu deyir ki, bu, təlim xatirinə təlim olmasın. Redaktorlar da, aparıcılar da səhvləri, zəif cəhətləri əyani nümunələr əsasında təhlil etsinlər ki, sonda nəticə əldə olunsun. Kim deyə bilər ki, mənim yazımı heç kim redaktə etməsin, mən yaxşı bilirəm. Hamımızın, illərin jurnalistlərinin yazılarına belə, başqa bir peşəkar göz gəzdirir, redaktə edir.
Bizə ümumi danışıqdan daha çox nümunə əsasında müzakirələr lazımdır. O zaman problem, səhv gənc jurnalistlərə, redaktorlara daha yaxşı aydın olur.
- Bildirdiniz ki, təlimlərin sonunda nəticə monitorinqlər vasitəsilə dəqiqləşdiriləcək. Bu barədə ətraflı məlumat verərdiniz...
- Teleradio Akademiyasının “Fokus” qrupu var, onun rəhbəri Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovadır. Bu qrupun vasitəsilə Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının monitorinqi aparılır. Bu layihənin monitorinqini də məhz “Fokus” reallaşdırmaqdadır. Hər təlimin nəticəsi təhlil olunacaq, sonda yekun araşdırmalar elan ediləcək, iştirakçı jurnalistlərə və ictimaiyyətə təqdim olunacaq.
- Sizcə, bu təlimlərdə media nümayəndələri nə əldə edəcəklər?
- Hər təlim bir addım irəli getmək, dilə olan yanaşmanı bir az da müsbətə doğru dəyişmək deməkdir. Burada söhbət dildən gedir və hər dəfə də Azərbaycan dilini korlayan faktorlar faktlarla göstərilir. Həmkarlarımız buna necə biganə qala bilərlər? Deməli, nəticə olacaq. Hamımıza uğurlar!