AZ

Əbu-Dabi Dayanıqlıq Həftəsinin rəsmi açılışı olub

Əbu-Dabi, 13 yanvar, AZƏRTAC

Bu gün BƏƏ-nin “Masdar” şirkətinin təşkilatçılığı ilə Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Serbiya Prezidenti Aleksandar Vuçiç və hökumət başçıları, yüksək səviyyəli digər şəxslər, ekspertlər və elm adamları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, ümumilikdə 3500-dən çox qonaq iştirak edirlər.

BƏƏ-nin sənaye və yüksək texnologiya naziri, “Masdar” şirkətinin İdarə Heyətinin sədri Sultan Əhməd əl-Cabir açılış nitqində deyib ki, süni zəka bütün sənaye sahələrinə daxil olur.

“Paralel olaraq enerjinin rolu artır. Hər bir yüksək texnologiya, süni zəka böyük enerjiyə ehtiyac duyur. Hazırda əvvəlki dövrlərlə müqayisədə enerjiyə daha çox ehtiyac var. Şəhərlər böyüyüb, ölkələr arasında uçuşların sayı ikiqat artıb. Bütün bunlar nəzərə alınmalıdır”, - deyə Sultan Əhməd əl-Cabir qeyd edib.

Eyni zamanda, bu gün bir sıra digər tədbirlərin, o cümlədən 17-ci Zayed Dayanıqlıq Mükafatının təqdimat mərasimi keçiriləcək.

Bundan başqa, bu gün start götürəcək Əbu-Dabi Dayanıqlıq Sammiti həftənin əsas tədbirlərindəndir. Sammitdə 30 panel iclası çərçivəsində 100-dən çox çıxış olacaq. Qlobal enerji sistemlərində keyfiyyətcə yenilik yaratmaq yolları, su və ərzaq təhlükəsizliyinin təmin edilməsi, təbiətin qorunması, süni zəkanın və digər startap texnologiyalarının təsiri əsas müzakirə mövzularıdır. Yanvarın 14-dək davam edəcək tədbirdə iştirakçılar qlobal davamlılıq gündəmini inkişaf etdirmək üçün dinamik və inklüziv müzakirələrin şahidi olacaqlar. Əməkdaşlıqlar qurmaq, yeniliyi təşviq etmək və tətbiq oluna bilən həllər təqdim etmək məqsədilə təşkil olunan bu tədbir, biznes, hökumət və vətəndaş cəmiyyətindən olan tanınmış liderləri bir araya gətirəcək.

Yanvarın 13-dən 15-dək 18-ci Dünya Gələcək Enerji Sammiti keçiriləcək. Tədbir çərçivəsində 700-dən çox qlobal brend, dinamik “Greenhouse” startap zonası, “Fuse AI” təmiz texnologiya pavilyonu və “Greenpeace Cinema”nın debütü təqdim edəcək. Üç gün ərzində iştirakçılar 300-dən çox sənaye mütəxəssisi tərəfindən keçirilən konfranslarda iştirak etmək, qabaqcıl məhsul və həlləri nümayiş etdirən doqquz sərgi salonu ilə tanış olmaq imkanı əldə edəcəklər.

 
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

Seçilən
23
2
azertag.az

3Mənbələr