AZ

Psixoloq: Valideynlər yeniyetməni emosional olaraq cəlb edə biləcək yeniliklərlə maraqlanmalıdırlar

Bakı, 13 yanvar, AZƏRTAC

Müasirliyə, fərqliliyə can atmaq, diqqət mərkəzində və yaxud tam zidd olaraq görünməz olmaq, tənqid edilməmək yeniyetməni davamlı narahat edən düşüncələrdən biridir. Belə zamanlarda valideynlər öz həyat təcrübəsinə əsaslanaraq nəticə çıxarmalı, yaxud da psixoloji, pedaqoji kitablar oxuyaraq vəziyyətdən çıxmağa çalışmalıdırlar. Çünki xarakterlər, təcrübələr və qorxular fərqlidir. Yeniyetmələr həyatı tanımağa, yerini tapmağa çalışan və vacibliyini hiss etmək istəyən şəxslərdir. Bu yolda onlar həm cazibəli, həm də narahatlıq hiss etdirən ətraf aləmlə qarşı-qarşıya gəlirlər.

AZƏRTAC xəbər verir ki, bunu klinik uşaq psixoloqu Elnarə Baxışlı deyib.

O qeyd edib ki, valideynlər müasir dövrdə aktual olan, yeniyetməni emosional, intelektual və davranışsal olaraq cəlb edə biləcək bütün yeniliklərlə maraqlanmalıdırlar. “Yeniyetmələrin tənqid bacarığı sözsüz ki, kəskin, real, haqsız və ya təhqir kimi səslənə də bilər. Bu halda valideynin əsas işi öz daxili zəifliklərini və aqressiyasını üzə vurmamaq bacarığını inkişaf etdirməkdir. Uşaqlarda hormonlar dəyişir, inkişaf edir, idrakı fəaliyyət zəifləyir, emosional inkişaf və formolaşma sürətlənir. Bunlardan azad olmaq üçün bu duyğu və bacarıqları ötürən və ya hiss etdirən obyeklərdən də uzaqlaşmağa məcburdur. Valideynlər də bu siyahıda birincidirlər. Valideyn qorxu və güc obrazından əlavə, həmçinin yeniyetmənin ya oxşamaq istədiyi, olmaq istədiyi biri olur, ya aşmaq istədiyi, üstələmək istədiyi, bəyənmədiyi bir obraz olur. Bu valideyn üçün hakimiyyəti itirmək, tərbiyəni pozmaq kimi görünə bilər və sözsüz ki, aqressiya da buradan gələ bilər. Əvvəlki sözə baxan uşaq gedib, yerinə onu tənqid edən hər hansı yetişkini, blogeri və hətta yaşıdını düzgün nümunə kimi sizə qarşı qoya bilər. Siz buna hazır olmaq üçün səhvlərinizi görə bilməli və qəbul etməlisiz. Yalnız valideyn kimi deyil, elə sadəcə bir sosial obraz kimi də üzərinizdə işləməli və tənqidə hazır olmalısız. Diqqətli olmalı və kənarda müşahidəyə üstünlük verməlisiz”, - deyə psixoloq bildirib

Elnarə Baxışlı vurğulayıb ki, uşaqla bağlı xoş olmayan məlumatlara reaksiyanı idarə etmək, sosial şəbəkələrdə ailə patformalarında, psixoloqların onlayn çıxışlarında aktiv olmaq lazımdır.

 

Seçilən
45
azertag.az

1Mənbələr