“Modern Hospital”ın baş həkimi Taryel Ömərov dedi ki, Azərbaycanda təkrar mədəkiçiltmə əməliyyatlarını yalnız özü edir və 73 uğurlu nəticəsi var. Amma bu gün onun əməliyyatı nəticəsində mədəm yoxdur, əmək qabiliyyətimi isə itirmişəm...”
"Cebheinfo.az" xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Anar İsazadə müraciət edib.
Zərərçəkmiş olduğunu deyən A.İsazadə bildirib ki, Taryel Ömərovun etdiyi əməliyyat bir həftə sonra fəsadlara səbəb olub: “Bu mənim ikinci əməliyyatım idi, ilk dəfə 2017-ci ildə başqa həkimə etdirmişdim. Uğurlu oldu, çəkim 160 kiloqramdan 90-a düşmüşdü. Hər şey normal idi. Lakin bir müddət sonra çəkimə nəzarəti itirdim və kökəlməyə başladım. Buna görə də 2023-cü ildə Taryel Ömərova mədəkiçiltmə əməliyyatı etdirdim. Ancaq çox keçməmiş hərarətim qalxdı. Rentgen etdilər və dedilər ki, “hər şey qaydasındadır”. Lakin zaman keçdikcə vəziyyətim ağırlaşırdı. Bir neçə gün davam edən analiz, rentgen və KT cavablarında müəyyən oldu ki, bu, ağciyərin ikitərəfli pnevmoniyasıdır.
Taryel Ömərovla yenidən görüşdüm və bütün problemlərin onun etdiyi əməliyyatdan sonra başladığını bildirdim. Lakin həkim bunu üstündən atdı, bütün bunların onun əməliyyatına heç bir aidiyyəti olmadığını dedi və qida boruma stent qoydurmağı məsləhət gördü. Bir neçə dəfə stent qoyuldu və çıxarıldı. Daha sonra mənə deməsələr də, məlum oldu ki, əməliyyat nahiyəsində fistul (dəlik-bir-birinə bağlı olmayan iki orqan, toxuma, damar arasında yaranan anormal, tüp şəklində kanal/əlaqə yoludur) açılıb, tikiş tutmayıb və qəbul etdiyim qida diafraqmanın üstünə yığılmağa başlayıb”.
Vətəndaş həmçinin qeyd edib ki, 2024-cü ilin dekabr ayında təcili əməliyyata götürülüb: “Bağırsağımı 40 sm açaraq birbaşa qida boruma birləşdirdilər. Bununla da problem həll olundu. Düzdür, artıq mədəm yoxdur. Hər şeyi yeyə bilmirəm, ağrılarım olur və ciyərim zədəlidir. Lakin ölüm təhlükəm yoxdur”.

"Cebheinfo.az"