AZ

İranda güc nümayişi: Etirazlardan sonra hansı qərarlar veriləcək?

İranda son günlər müşahidə olunan ictimai-siyasi gərginlik regionda gedən proseslər fonunda diqqətlə izlənilir. Qonşu ölkədə baş verən hadisələr həm daxili sabitlik, həm də regional təhlükəsizlik baxımından əhəmiyyət daşıyır. İran rəhbərliyinin etirazlara münasibətdə verdiyi mesajlar isə proseslərin hansı istiqamətdə inkişaf edə biləcəyinə dair müxtəlif ehtimallar yaradır.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, yanvarın 11-də İranda hakimiyyətin çağırışı ilə keçirilən rejimyönlü mitinq bir növ güc nümayişi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu addım eyni zamanda Prezident Məsud Pezeşkianın proseslərin zorakılıqdan kənar, nəzarətli və dinc məcrada tənzimlənməsi xəttinə uyğun atılmış siyasi gediş kimi də dəyərləndirilməlidir:

“İran hakimiyyəti bu mitinq vasitəsilə həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət qarşısında rejimin hələ də ciddi sosial dayaqlara malik olduğu mesajını verməyə çalışıb və bu baxımdan baş verənlər rəsmi Tehran üçün mühüm əhəmiyyət kəsb edir. Pezeşkianın çağırışı da onun əvvəlki müraciətlərində səsləndirdiyi mövqenin davamı kimi çıxış edir. Son dövrlərdə xaricdən İrandakı aksiyalara verilən açıq dəstək rəsmi dairələrə etirazların kənar təsirlər altında formalaşdığı tezisini gücləndirmək imkanı yaradıb. Bu isə hakimiyyətə aksiyaların yatırılması üçün əlavə legitim əsaslar qazandırır. Məhz bu kontekstdə rejimyönlü mitinqin növbəti mərhələdə etirazlara qarşı daha sərt tədbirlərin görülməsinə zəmin yaratdığı istisna edilmir”.

Politoloq qeyd edib ki, qısa müddətli perspektivdə hakimiyyətin nəzarəti bərpa etməsi və etirazların səngiməsi mümkün olsa da, bu, İranda mövcud problemlərin aradan qalxması anlamına gəlmir:

“Çünki ölkədəki böhran yalnız sosial və iqtisadi çətinliklərlə məhdudlaşmır, daha dərin sistem və idarəçilik problemlərindən qaynaqlanır. 46 ildən artıqdır mövcud olan siyasi model cəmiyyətə əvvəlki illərdə olduğu kimi ümid verə bilmir və bu, ictimai etimadsızlığı daha da dərinləşdirir. Rejim daxilində müşahidə olunan və “metal yorğunluğu” kimi xarakterizə edilən bu vəziyyət isə problemlərin struktur xarakter daşıdığını göstərir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
105
editor.az

1Mənbələr