Xalq şairi Nəriman Həsənzadə ötən ilin noyabrnda səhhətində yaranan problemlərə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Müayinələr nəticəsində ona böyrək çatışmazlığı diaqnozu qoyulmuşdu. Təxminən 2 aya yaxın sürən müalicədən sonra şair Yeni il ərəfəsində evə buraxılıb.
95 yaşlı Nəriman Həsənzadə tibb müəssisəsindən çıxdıqdan sonra makina arxasına keçərək yaradıcılığını davam etdirib. Onun yeni şeir yazdığı yerdə çəkilən videosu mətbuat və sosial şəbəkələrdə geniş yayılıb, müzakirələrə səbəb olub.
“Yeni Sabah” həyat, ədəbiyyat, yaradıcılığı, səhhəti və digər mövzularda N.Həsənzadə ilə müsahibə etmək istəyib. Lakin Xalq şairinin yaşı, ən əsası isə səhhəti sualları geniş formada cavablandırmağa imkan verməyib.
Şairlə qısa söhbəti təqdim edirik:
- Nəriman bəy, uzun müddət xəstəxanada müalicə aldınız. Orada günləriniz necə keçdi? Yaradıcı adam üçün çətin deyildi?
- Xəstəxana həyatında intizar, nigaranlıq, həsrət var. Ora bütün qarışıq hislərlə dolu idi. Orada insan bütün hisləri yaşayır. Bundan başqa sizə təşəkkür edirəm, zəng etdiyiniz, xatırladığınız üçün.
- Xəstəxanadan çıxdıqdan sonra makina arxasında görüntüləriniz yayıldı və bu kadrlar xeyli müzakirələrə səbəb oldu. Bu, yeni şeirlərin yazılma mərhələsi idimi?
- Bəli, yeni şeirim var.
Onu sizin vasitənizlə oxuculara təqdim edirəm:
Dünyanın sirri
- Şair, yenə yazırsanmı?
- sual verdi biri mənə?
Tanıtmaq istədi yəqin,
Məndəki şairi, mənə.
Axşam olur, sabah olur,
Mən yazmasam, günah olur.
Yazan zaman agah olur,
Bu dünyanın sirri mənə.
Soyumasın od nəfəsin,
əvəzi yoxdur heç kəsin.
Ulu Tanrım çox görməsin,
öz verdiyi şeiri mənə.
Aydan Hacı
Telegram kanalımız