Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə müzakirə olunan məsələlər çox vacib nüanslardır. Hava şəraiti dəyişən kimi şəhərdə yerüstü nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. Bundan başqa, Bakı şəhərinin yağış sularını idarə edən sistem yox dərəcəsindədir. Müşavirədə də qeyd olundu ki, məişət kanalizasiyasına yönəldilən yağış suları ayrı fəsad yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, yaxın 9 il ərzində yağış sularını idarə edən sistemin Bakı şəhərində, Abşeron yarmadasında qurulması nəzərdə tutulub.
“Bakı şəhəri və Abşeron yarmadasında kanalzasiya sistemi, su xətlərinin çəkilməsi də planlaşdırılır. Həmçinin təmizləyici qurğuların qurulması dövlət proqramında qeyd olunub. Bu, Xəzər dənizinə axıdılan çirkab sularının təmizlənməsi ilə nəticələnəcək. Məsələnin nəqliyyata bağlılığı odur ki, bundan sonra tikilən yollar daha davamlı olacaq. Çünkü yola daha çox təsir edən faktorlardan biri sudur. Bu səbəbdən suyun kənar edilməsi mühüm layihələrdən biridir. Dövlət proqramının həyata keçirilməsi şəhər mobilliyinə təsir edəcək”, - deyə Rauf Ağamirzəyev qeyd edib.
Ekspertin sözlərinə görə, meqapolislərdə aparılan hər bir təmir və tikinti işi küçə–yol şəbəkəsində müəyyən məhdudiyyətlər yaradır. Bu məhdudiyyətlər isə əlavə sıxlıq və tıxaclarla nəticələnir: “Ənənəvi üsullarla aparılan qazıntılar zamanı yolların tam və ya qismən bağlanması nəqliyyatı iflic edir. Halbuki müasir texnologiyalar bu problemi minimuma endirə bilər. Belə ki, “boru ekran” texnologiyası – sıx məskunlaşmış şəhər mühitində yol səthini dağıtmadan yeraltı qurğuların inşasına imkan verir. Borular ardıcıl şəkildə irəli hərəkət etdirilərək qoruyucu kontur yaradılır, daha sonra torpaq çıxarılır və tunelin daxili bəzədilir. Əsas üstünlüyü isə işlərin yol və dəmir yolu hərəkətini dayandırmadan aparılmasıdır. Bu metodun tətbiqi nəticəsində sərnişin qatarlarının hərəkəti fasiləsiz davam edir, paralel olaraq yeni avtomobil tuneli inşa olunur. Mikrotunel üsulu – uzun məsafəli yeraltı kommunikasiya işlərini yer üstündə hərəkəti məhdudlaşdırmadan icra etməyə şərait yaradır. Şaquli şaxtalar – az sahə tutaraq dərin işlərin aparılmasını mümkün edir”.
R.Ağamirzəyev qeyd edib ki, Bakıda artıq bəzi layihələrdə bu üsullar tətbiq edilsə də geniş istifadəsi lazımdır.