Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Bu, qlobal su problemidir və təkcə bir çayın məsələsi deyil. Söhbət həm yuxarı, həm də aşağı axarlarda yerləşən, Ermənistan ərazisindən keçən çaylardan, qismən isə Qarabağdakı çaylardan gedir. Burada əsas məsələ yalnız suyun həcmi deyil, həm də keyfiyyəti ilə bağlı problemlərdir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Bakı ilə İrəvan arasında sülh prosesi çərçivəsində hələ də həllini gözləyən bir sıra məsələlərin qalması barədə səsləndirdiyi bəyanatı şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, bu istiqamətdə mövcud problemlərin əsas mənbəyi Ermənistandır:
"Azərbaycan tərəfi bu məsələlərin müzakirəsinə indiyədək ehtiyatla yanaşıb. Çünki burada çoxsaylı problemlər var və onların böyük əksəriyyəti məhz Ermənistandan qaynaqlanır. Su ehtiyatlarının mühüm hissəsi çaylar vasitəsilə ya Ermənistan ərazisində formalaşır, ya da həmin ərazidən keçərək Azərbaycana daxil olur. Bu isə çirklənmə, suvarma, suyun düzgün bölüşdürülməsi kimi ciddi problemlər yaradır. Ümumilikdə su məsələsi tədricən cəmiyyət üçün neft qədər strateji əhəmiyyət daşıyan bir problemə çevrilir".

Həmsöhbətimiz mövcud proqnozlara əsaslanaraq bildirir ki, su böhranının əsas zərbəsi Qafqaz regionuna, xüsusilə də Azərbaycana dəyə bilər:
"Çünki bu problemin həllinin vacibliyini regionda ən çox hiss edən ölkə Azərbaycandır. Bu baxımdan Paşinyan tərəfindən belə bir bəyanatın səsləndirilməsi və Ermənistan tərəfinin mövzunu müzakirəyə hazır olduğunu göstərməsi ölkəmiz üçün müsbət məqam sayıla bilər. Doğrudur, bu sahədə indiyədək müəyyən işlər görülüb, araşdırmalar aparılıb. Lakin məsələ hökumət başçısının dilindən səslənirsə, bu, prosesin artıq daha ciddi mərhələyə keçə biləcəyindən xəbər verir".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülh prosesi çərçivəsində həll edilməli olan bir sıra məsələlərin qaldığını bildirib. O, vurğulayıb ki, Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesi kontekstində müzakirə olunmalı çoxlu mövzular mövcuddur:
"Bizim əsas prioritetimiz dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin imzalanmasıdır. Digər bütün məsələlər də məhz bu kontekst və müvafiq ardıcıllıq çərçivəsində nəzərdən keçirilir”.
Beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsi məsələsinə toxunan Nikol Paşinyan qeyd edib ki, bu prosedur sülh sazişi layihəsində nəzərdə tutulub və sənəd imzalanıb təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Rüfət Sultan
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.