AZ

Arzuların izi ilə: Azərbaycanlı kardioloqun iki qitəni əhatə edən ilhamverici yolu

Berlin, 13 yanvar, AZƏRTAC

Doxsanıncı illərin əvvəllərində Almaniyaya təhsil almağa gələn 17 yaşlı gəncin bu gün Avropanın tanınmış kardioloqlarından birinə çevrilməsi təsadüf deyil, ağır zəhmətin, sarsılmaz inamın və inadkarlığın bəhrəsidir. Professor Natiq Həsənov 1990-cı illərin çətinlikləri içində Köln Universitetindən başlayan, ABŞ-ın Hyuston və Kanadanın Monreal şəhərlərini əhatə edərək yenidən Almaniyada qərar tapan uzun və şərəfli elm yolundakı çətinliklər qarşısında dayanmadı, öz üzərində yorulmadan çalışdı. Ömrünü tibbin inkişafına, insanların sağlamlığına həsr edən tanınmış alim bu gün fəaliyyətini Almaniyanın İdar-Oberştayn klinikasında baş həkim kimi davam etdirir. Onun həyatı və karyerası hər bir insan, o cümlədən Azərbaycan gəncləri üçün ilham mənbəyi, həm də elmə bağlılığın insana hansı uğurların qapısını açmasını göstərən canlı hekayədir. Professorla söhbətimizdə müasir kardiologiyanın sürətli inkişafından, bu sahədə tətbiq olunan yeniliklərdən, süni intellektin tibbdə rolundan, azərbaycanlı həkimlərin uğurlarından və digər mövzulardan danışdıq.

AZƏRTAC müsahibəni təqdim edir.

- Natiq doktor, istərdim söhbətimizə Almaniyada təhsil almağa gəldiyiniz illərdən başlayaq...

- 1992-ci ildə - 17 yaşım olarkən Köln şəhərinə gəldim. Orta təhsilimi burada başa vurdum və sonra universitetə qəbul oldum. Təhsilimin böyük hissəsini Köln Universitetində, bir hissəsini isə ABŞ-ın Hyuston şəhərindəki Texas Tibb Mərkəzində aldım. Sonra Köln Universitetindən iş təklifi aldım və yenidən Almaniyaya qayıtdım. Bununla da demək olar ki, mənim bütün hüquqi statusum dəyişdi. Belə ki, həmin vaxt mənə qısa müddətdə Almaniya vətəndaşlığı verildi. Ona görə də daha Amerikaya gedəsi olmadım və həmin vaxtdan burada qaldım.

Köln Universitetində işləyərkən elmi araşdırmalar üçün üç il müddətinə Kanadanın Monreal şəhərində çalışdım. 2007-ci ildə Köln Universitetinə qayıdaraq yenidən burada işləməyə başladım. Hazırda isə 2018-ci ildən etibarən İdar-Oberştayn kurort şəhərindəki klinikada baş həkim vəzifəsində çalışıram.

- Müasir tibbdə əsas inkişaf istiqamətləri hansılardır və kardiologiyada son illərdə baş verən yeniliklər barədə nə deyə bilərsiniz?

- Tibbdə son illər sürətli inkişaf gedir. Tibb sahəsində də ən sürətli inkişaf edən sahələrdən biri də kardiologiyadır. Bir misal deyim, 200 il əvvəl Almaniyada insanların orta ömrü 34 il olub. Mənim qaldığım şəhərdə mədənlər var. Oraya ekskursiyaya getmişdim. Mədənlərdə şaxtaçılar çox ağır iş rejimində çalışıblar. Onların demək olar ki, bütün günü orada keçib. Daim dar, alçaq mədənlərdə işlədikləri üçün onların boyları bir qədər qısa qalıb və bundan əlavə orta ömür 30 ildən çox olmayıb. Lakin buna baxmayaraq, həmin vaxt mədənçi olmaq nüfuzlu peşələrdən sayılırdı.

Hazırkı dövrdə isə Almaniyada orta ömür qadınlarda 84, kişilərdə isə 80 yaşa yaxındır. Bu, onu göstərir ki, insanların belə uzun yaşaması məhz tibbin inkişafı sayəsində mümkün olub. Həkimlər cadu və ya xurafata əsaslanan tibbdən uzaqlaşıb, elmə əsaslanan tibbin tətbiqinə başladılar. Tibbdə isə ən böyük inkişaflardan biri kardiologiya sahəsində müşahidə olunur. Buna misal olaraq indi standart olan ürək stimulyatorları müalicəsini göstərə bilərik. Hazırda stimulyatorlar 50 qramlıq kiçik bir cihazdır. Lakin 70 il əvvələ qədər belə bir terapiya heç yox idi. Stimulyatorların tibbdə tətbiqinə 1955-ci ildə başlanılıb. Həmin vaxt onun çəkisi 100 kiloqrama çatırdı və xəstə belə ağır cihazı özü ilə daşımalı olurdu. İndi isə hətta 20-30 qramlıq stimulyatorlar var. Bu, tibbin, o cümlədən kardiologiyanın inkişafının göstəricilərindən biridir.

Bundan başqa, ürək klapanlarını göstərə bilərik, eləcə də aortal klapan. İyirmi il əvvəl bunun müalicəsi ancaq cərrahiyyə əməliyyatı ilə aparılırdı. Bir çox xəstələr yüksək risk daşıdığı üçün əməliyyat olunmurdu. İndi isə demək olar ki, bu proses yaşı 75-dən yuxarı olan xəstələrdə tamamilə kateter vasitəsilə - əməliyyatsız aparılır. Bu, təcrübəli həkim üçün təxminən yarım saatlıq, bir saatlıq prosedurdur. Amma 20 il əvvələ qədər belə xəstələrin əksəriyyətini xilas etmək mümkün olmurdu. Bütün bunlar tibbin sürətli inkişafının göstəriciləridir.

- Professor, dünyada da geniş yayılan statistikaya əsasən ölümlərin yarıdan çoxu məhz ürək-damar xəstəlikləri səbəbindən baş verir. Bəs tibbin, xüsusən də kardiologiyanın sürətli inkişafı bu nisbəti nə dərəcədə dəyişə bilər?

- Əlbəttə ki, bunun çox böyük təsiri var. İlk növbədə, proqnoz yaxşılaşır. Ürək infarktında ciddi irəliləyiş var. Almaniyanın özündə də infarktdan ölümlərin səviyyəsi təxminən 20-25 faizini təşkil edir. Amma bu rəqəmlər də müasir tibbin imkanlarına görə azalmaqdadır. Əlbəttə ki, bu inkişafın bilavasitə insanların infarktdan sağ qalıb-qalmamasına böyük təsiri var.

- Son vaxtlar digər sahələr kimi tibbdə də süni intellektin tətbiqi geniş müzakirə olunur. Müasir dövrdə kardiologiyada süni intellektin tətbiqi perspektivləri barədə nə deyə bilərsiniz?

- Bildiyimiz kimi, süni intellekt texnologiyanın ən yeni və son yeniliklərindən biridir. Bu, tibbdə də yenidir. Hazırda süni intellektin tibbdə tətbiqinə başlanılıb. Lakin mən şəxsən süni intellektin həkimləri tam əvəz edəcəyinə inanmıram. Süni intellekt hazırda kardilogiyada, radiologiyada, - artıq elmi datalar da var - müəyyən prosedurlarda tətbiq olunanda xəstənin əməliyyat nəticəsini yaxşılaşdırır. Amma dediyim kimi, bu, hələlik kütləvi şəkildə tətbiq olunmur. Bu, tədricən baş verir. İnanıram ki, bu, gələcəkdə böyük yeniliklərə səbəb olacaq, lakin bir daha qeyd edirəm ki, insan amilini - həkimləri tam əvəz edəcəyinə şübhə ilə yanaşıram.

- Siz Azərbaycandan Almaniyaya gəlmiş ilk həkimlərdən biri, bəlkə də birincisiniz. Bildiyiniz kimi, son illərdə Almaniyada azərbaycanlı həkimlərin sayı sürətlə artmaqdadır. Siz Azərbaycan həkimlərinin bu uğurlarını necə qiymətləndirirsiniz?

- Təbii ki, mən bunu çox müsbət hal kimi görürəm. Bir tərəfdən çox fərəhlənirəm ki, burada xeyli azərbaycanlı həkimlərimiz var. Bacarıqlı, peşəkar həkimlərimiz çoxdur. Bu, necə deyərlər, medalın bir tərəfidir. Digər tərəfdən, həkimlərimizin öz təhsillərini, peşəkarlıqlarını artırdıqdan sonra geri qayıdaraq, öz xalqımıza, ölkəmizə töhfə vermələri daha çox önəmlidir. Bu, hər birimizin arzusudur.

- Hazırda Azərbaycanda səhiyyənin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər görülür. İstərdik, bu barədə fikirlərinizi bölüşəsiniz?

- Bu barədə sözlərimə bir əhvalatı danışmaqla başlamaq istəyirəm. Hyustonda təhsil aldığım illərdə çalışdığım xəstəxananın cərrahı azərbaycanlı olduğumu biləndə əməliyyatdan sonra məni otağına dəvət etdi və söhbətə başladı. O, 1990-cı illərin əvvəllərində ölkəmizdə olduğunu və həmin vaxt bizim səhiyyəmizdə ciddi problemlərin olduğunu bildirdi. Düzdür, həmin vaxtlar ölkəmizdə çox çətin dövr idi. Buna baxmayaraq, bir azərbaycanlı kimi onun sözləri mənə çox təsir etmişdi. İndi isə çox şükür, Azərbaycanda tibb sahəsi xeyli inkişaf edib. Xəstəxanalarda olan avadanlıq hətta Almaniyadakından da geri qalmır. Çox savadlı mütəxəssislərimiz, həkimlərimiz var.

Bundan başqa, koronar stent müalicəsi bir vaxtlar Azərbaycanda yox idi. Lakin hazırda bu prosedur və ya şuntlama əməliyyatı ölkəmizdə xeyli inkişaf edib. Xüsusilə Türkiyədə təhsil almış həkimlərimiz bu prosesə böyük töhfə veriblər. Nöqsanlar əlbəttə var. Heç Almaniyanın özündə də hər şey mükəmməl deyil. Təbii ki, müəyyən işlər üçün zaman lazımdır.

Hesab edirəm ki, bunun üçün əsas məsələlərdən biri də insanların tibbi maarifləndirilməsinin aparılmasıdır. Maarifləndirmə işinin aparılması insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, son nəticədə daha uzun yaşamalarına gətirib çıxaracaq. Bu, nəinki pasiyentlər, həkimlər üçün də çox vacibdir. Hazırkı dövrdə həkimlərin özlərini inkişaf etdirmələri, peşəkarlıqlarını artırmaları üçün hər cür imkanlar var.

- Professor, bilirik ki, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bu sahədə prioritetlərdən biri də tibb sahəsinin inkişafıdır. Bu təhsil ilindən etibarən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayıb. Bu barədə də fikirləriniz maraqlı olardı.

- Bilirsiniz, Qarabağ problemi həmişə hər bir azərbaycanlının ən birinci məsələsi olub. Xaricdə yaşayan azərbaycanlılar bu məsələdə xüsusilə həssas olublar. Əlbəttə ki, torpaqlarımızın, o cümlədən Qarabağın azad olunması bizim üçün tarixi anlar idi. Şuşa azad olunanda həmyerlilərimizlə yığışaraq bu Qələbəni böyük sevinc hissi ilə qeyd etdik. Şəxsən mən Qarabağda universitetdə dərs deməyi, bilik və təcrübələrimi öz vətəndaşlarımızla bölüşməyi çox istərdim.

Biz görürük ki, Azərbaycan dövləti tərəfindən əsas diqqət Qarabağa yönəlib. Biz bunu tam dəstəkləyirik. Biz də azad edilən ərazilərdə görülən işlərə öz töhfəmizi verməyi bunu arzu edirik. Mən peşəkar həkim olaraq bu prosesdə iştirak etməyi, bilik və təcrübələrimi öyrətməyi ürəkdən arzulayıram. Düzdür, burada təcrübə keçən və çalışan azərbaycanlı həkimlərə daim dəstək göstərir, bilik və təcrübələrimi onlarla bölüşürəm. Lakin əsas arzum doğma Vətənimdə bu sahədə görülən işlərə töhfə vermək, tibb üzrə təhsil alan tələbələrə dərs deməkdir.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
60
azertag.az

1Mənbələr