AZ

Səyyarə İbadullayeva: Tədqiqat zamanı Qarabağ florasında 2332 növün mövcudluğu dəqiqləşdirilib

Bakı, 13 yanvar, Günel Alıyeva, foto İlqar Cəfərov, AZƏRTAC

Digər bölgələrimizə dair belə nəşrləri mövcud olsa da, Qarabağın florası indiyədək ayrıca fundamental əsər kimi çap olunmamışdı. Məhz buna görə bu floranın hazırlanmasında geobotaniki, bitki ehtiyatşünaslığı, morfo-anatomik, sistematik və populyasiya səviyyəsində tədqiqat metodları daxil olmaqla bütün metodikaları qarşıya məqsəd qoyduq, proqram hazırladıq və 3-4 il müddətində komanda şəklində işə başladıq. “Qarabağ florası” tədqiqat qrupu adı altında 10-12 nəfərlik komanda ilə bu istiqamətdə fəaliyyət göstərdik

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Botanika İnstitutunun baş direktoru, “Qarabağ florası” kitabının elmi redaktoru Səyyarə İbadullayeva bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində Qarabağa 25-dən çox səfər və ekspedisiya təşkil olunub. Ekspedisiyalar zamanı bitkilərin yayılma qanunauyğunluqları araşdırılıb, nadir və relikt növlərin ərazidə qalıb-qalmadığı öyrənilib, etnobotaniki təhlillər aparılıb, yəni əvvəlki dövrlərdə həmin bitkilərdən necə və hansı məqsədlərlə istifadə edildiyinə dair məlumatlar toplanıb.

Səyyarə İbadullayeva bildirib ki, tədqiqatlar bununla məhdudlaşmayıb: “Eyni zamanda Botanika İnstitutunun 600 min nüsxədən ibarət herbari fondunda olan Qarabağa aid materialları da araşdırdıq. Hətta 1800-cü illərə aid herbariləri də üzə çıxararaq Qarabağ florasında 2332 növün mövcudluğunu dəqiqləşdirdik. Hər bir növ üzrə morfo-anatomik və bioekoloji xüsusiyyətlər, meyvəvermə mərhələləri, areal tipləri və digər göstəriciləri əhatə edən geniş material əsasında böyük bir kitab hazırlandı”.

Alimin sözlərinə görə, Qarabağda nəsli kəsilmək təhlükəsi ilə üzləşən 91 növ bitki barədə məlumatlar kitaba daxil edilib.

Seçilən
29
azertag.az

1Mənbələr