"Dəyişən dünya yeni nəsil üçün həyəcanlı, köhnə nəsil üçünsə daha çox təhlükə və qeyri-müəyyənlik kimi görünür. Burada əsas psixoloji çətinlik yeniliklərin özündə yox, onların gətirdiyi sürətdə və kontrolun itirilməsi hissindədir. Köhnə nəsil öyrəşdiyi davranışları, dəyərləri və münasibət formalarını stabil sistem kimi qəbul edib. Sistem dağılanda bu stabil məna çökür və onun yerinə gələcəyini təsəvvür etmək çətinləşir".Bu barədə klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Missiya.Az-a danışıb.
"Psixologiyada buna strukturun çökməsi və kimlikdə boşluq deyilir. Yeni nəsil isə rəqəmsal mühitdə böyüdüyündən informasiyaya giriş, qərarvermə, ünsiyyət və avtoritet anlayışını fərqli qurur. Avtoritet vertikal deyil, horizontal olur. Bu da köhnə nəsildə hörmətin pozulması kimi qavranılır. Mədəni çətinliklər də buradan yaranır. Dəyərlər dəyişir, normativ sistemlər çevrilir, münasibətlərin bağlanma formaları sərbəstləşir, təhlükəsizlik anlayışı isə stabil işdən çevik bacarıqlara keçir. Kollektiv kimlik fərdi kimliklə əvəzlənir",- psixoterapevt bildirib.
Rövşən Nəcəfovun sözlərinə görə, məcburiyyət əsasən köhnə nəslin üzərinə düşür. Çünki keçmişdə formalaşmış dəyərlər və vərdişlər yeni dünyanın sürətinə cavab verməyə bilir. Yeni nəsil artıq dəyişir və adaptasiya onun özüdür. Köhnə nəsildə isə adaptasiya həm psixoloji, həm də mədəni baxımdan daha ağrılıdır. Düşüncə stereotipləri dağılır, amma onların yerinə yeni model avtomatik gəlmir. Bu boşluq narahatlıq, nostalgiya, müdafiə reaksiyası və bəzən mühafizəkarlıq kimi çıxır. Yeni nəsilin çətinliyi başqadır. Onlarda sürət var, lakin dərinlik bəzən çatmır. Sürətli adaptasiya öhdəlik və davamlılıq mövzularını zəiflədə bilir. Yəni tərəflər eyni böhranı yaşayır, sadəcə müxtəlif tərəfdən.
"Uğurlu ünsiyyət forması dialoqdur. Monoloq yox. Valideynin "mən bilirəm" yanaşması ilə gəncin "mən öz yolumdayam" yanaşması bir-birini dinləmir və nəticə çıxmır. Dialoq isə niyyəti, səbəbi və dəyəri soruşur. Bu həm hörməti, həm də qarşı tərəfi anlamağa məruz qoyur. Ailədə mübahisələrin çoxu faktlar üzərində deyil, mənalar üzərində gedir. Uğur, təhlükə, sevgi, hörmət və iş anlayışı artıq əvvəlki kimi qəbul olunmur və bunların mənası dəyişir. Buna görə mənanın birgə qurulması mübahisə yaratmır. Ünsiyyətdə elastiklik də mühüm rol oynayır. Dəyərlər qalsın, amma sərtlik yox. Elastiklik həm hörməti qoruyur, həm də gələcəyin reallığına uyğunlaşmağa imkan verir. Valideyn sadəcə tərbiyə edən yox, gələcəyin reallığına hazırlayan olmalıdır. Uşağı keçmişə deyil, qarşıdakı dünyanın nizamına hazırlamaq psixoloji və mədəni cəhətdən daha sağlamdır",- R.Nəcəfov əlavə edib.
İlahə Qənbərli
Missiya.Az