İsveçrə Avropa İttifaqını (Aİ) izləyərək Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib.
Editor.az xəbər verir ki, açıqlamada sanksiya siyahılarına beş fiziki şəxs, dörd qurum və 41 gəminin daxil edildiyi bildirilib.
İsveçrə hökuməti qeyd edib ki, yeni məhdudiyyətlər Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia olunan “kölgə donanması” ilə əlaqəli şəxsləri və şirkətləri əhatə edir. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş Nova Shipmanagement LLC-FZ və Citrine Marine SPC şirkətləri, eləcə də Vyetnam və Rusiya mənşəli Hung Phat Maritime Trading və SeverTransBunker Company Limited şirkətləri sanksiyalara məruz qalıb.
Qeyd edək ki, ötən ilin dekabrında Aİ xarici işlər nazirləri Rusiyanın hibrid təhdidlərinə cavab olaraq 14 şəxs və quruma qarşı sanksiya tətbiq edilməsi barədə qərar qəbul ediblər. Sanksiya siyahısına Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov, Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov, həmçinin Beynəlxalq Russever Hərəkatı da daxil edilib.
//Gülnarə Abasova, Editor.az