AZ

Son aylarda yayılmış naməlum virus: hər ailədə xəstə, LOR kabinetlərində növbələr

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Son aylarda demək olar ki, hər ailədə bir nəfərin xəstələnməsi artıq adi hala çevrilib. İnsanlar arasında dolaşan bu xəstəliklər barədə dəqiq məlumatın olmaması isə narahatlığı daha da artırır. Kimisi bunu mövsümi virus adlandırır, kimisi “qrip”, kimisi “influensa” deyir, bəziləri isə tamamilə fərqli virus adı çəkir. Qısacası, insanlar xəstəliyin mahiyyəti barədə tam məlumatlı olmadığı üçün həm özləri, həm də övladları ilə bağlı daha çox təşviş keçirirlər.

Virusların yayılmasından sonra ən çox müraciət olunan sahələrdən biri LOR (qulaq-burun-boğaz) həkimləridir. Poliklinikalarda, özəl klinikalarda LOR kabinetlərinin qarşısında növbələrin artması bu sahədə problemlərin geniş yayıldığını göstərir. Xüsusilə uşaqlar və gənclər arasında qulaqla bağlı şikayətlər daha çox müşahidə olunur. Qulaq tutulması, ağrı, eşitmə zəifliyi, səs-küy hissi və iltihab kimi problemlər insanların gündəlik həyatını ciddi şəkildə narahat edir.

Bu vəziyyətin əsas səbəblərindən biri mövsümi virusların təkcə boğaza və burna yox, eyni zamanda qulağa təsir göstərməsidir. Soyuqdəymə və respirator infeksiyalar zamanı burun-keçidlərinin tutulması, seliyin artması və iltihabın yayılması qulaqda təzyiqin yüksəlməsinə səbəb olur. Bu isə qulaq ağrısı və digər narahatlıqları labüd edir. Xüsusən vaxtında müalicə olunmayan, “öz-özünə keçər” düşüncəsi ilə gecikdirilən hallarda vəziyyət daha ağırlaşa və ciddi fəsadlar yarada bilər.

Digər tərəfdən, insanlar arasında özünü müalicə etmə tendensiyası da bu prosesə mənfi təsir göstərir. Hər kəs həkimə müraciət etmək əvəzinə internetdən oxuduğu məsləhətlərə, tanışların tövsiyələrinə və ya təsadüfi alınan dərmanlara üz tutur. Halbuki hər virus, hər ağrı eyni deyil və qulaqla bağlı xəstəliklər bəzən ciddi tibbi müdaxilə tələb edir. Bu səbəbdən düzgün diaqnoz qoyulmadan dərman qəbul etmək risklidir.

Məsələnin başqa mühüm tərəfi həkim müayinəsinə olan ehtiyacın artması, amma bəzi insanların hələ də xəstəliyi “adi soyuqdəymə” kimi qiymətləndirərək ciddi yanaşmamasıdır. Halbuki belə vəziyyətlərdə vaxtında müayinə və müalicə həm xəstəliyin yayılmasının, həm də ağır fəsadların qarşısını ala bilər. Xüsusilə uşaqlar, yaşlılar və zəif immunitetli şəxslər daha diqqətli olmalıdır.

Bu günkü vəziyyət bizə bir daha göstərir ki, sağlamlıq sahəsində maarifləndirmə çox vacibdir. İnsanların virusların növü, yoluxma yolları, profilaktik tədbirlər və düzgün müalicə barədə məlumatlı olması həm onların sağlamlığının qorunmasına, həm də səhiyyə sisteminin yükünün azalmasına kömək edər. Gigiyenik qaydalara əməl etmək, özbaşına dərman qəbul etməmək, simptomlar uzun çəkərsə mütləq mütəxəssisə müraciət etmək ən doğru yanaşmadır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
bizimyol.info

1Mənbələr