İranda baş verən son etiraz aksiyaları həm ölkə içində, həm də beynəlxalq aləmdə diqqət mərkəzindədir.
News365.az xəbər verir ki, sabiq millət vəkili Tahir Kərimli Tv365 kanalına açıqlamasında İranda baş verən etiraz aksiyalarına münasibət bildirib.
O qeyd edib ki, hadisələrin əsas səbəbləri ölkənin daxili vəziyyəti ilə bağlıdır: iqtisadiyyatın zəifləməsi, əhalinin sosial vəziyyətinin pisləşməsi, milli valyutanın dəyərsizləşməsi və dini fundamentalizmin təsirinin artması.
“İrandakı proseslərə xarici ölkələrin müdaxiləsi bəhanə xarakteri daşıyır. ABŞ, İsrail və digər dövlətlər insan hüquqlarının pozulması iddiası ilə rejimi dəyişmək istəyirlər, amma burada əsas problem İran xalqının yaşadığı sosial və iqtisadi sıxıntılardır”, – Kərimli bildirib.
Sabiq deputat vurğulayıb ki, İran uzun tarixi olan vətəndaşlıq ənənəsinə malik ölkədir və ölkə ərazisində azərbaycanlılar, eləcə də digər etnik qruplar minillərdir mövcuddur. O, ərazi və etnik məsələlərin proseslərin mahiyyətinə təsir etmədiyini qeyd edib:
“İranın tarixi və demoqrafik quruluşu onu göstərir ki, ölkədə hakimiyyət yalnız müəyyən etnik qrupların yox, bütün xalqın maraqlarını nəzərə almalıdır. Xaricdən verilən bəzi məlumatlar və iddialar həqiqəti əks etdirmir”, – Kərimli əlavə edib.
O həmçinin Rusiya ilə İran arasında hərbi əməkdaşlığa toxunaraq bildirib ki, hərbi müqavilələr və təyyarələrin uçuşları ölkədə sosial prosesləri yönləndirmir və ideoloji oyunlarla qarışdırılmamalıdır.
Tahir Kərimli hesab edir ki, İranda baş verən hadisələr yalnız xarici təsir deyil, əsasən ölkənin daxili iqtisadi, sosial və siyasi problemlərinin nəticəsidir.