AZ

Binədə "barıqa" sözünə görə qanlı davanın TƏFƏRRÜATI

Bakıda "barıqa" ifadəsinə görə düşən davada iki qardaşı bıçaqlayan şəxsin məhkəməsi başlayıb.

 

Pravda.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Şəmsi Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Hadisə ötən il Bakının Binə qəsəbəsində baş verib.

 

Zərərçəkmiş Babək Quliyev məhkəmədə verdiyi ifadəsində bildirib ki, bu hadisənin əsasında sadəcə bir söz - "barıqa" (narkotik satan şəxs-red.) ifadəsi dayanır:

 

"Şəmsi iddia edib ki, guya qardaşım Rəvan onun dostu Pərvizi qəsəbədə narkotik satan, yəni "barıqa" kimi təqdim edib. Rəvanla mən Şəmsiyə belə bir şeyin həqiqətə uyğun olmadığını söylədik və əgər belə bir iddia varsa, sübut üçün onu deyən adamın özünün yanımıza gəlməsini tələb etdik. Mirfariz adlı tanışımız gəlib, həqiqətən də Rəvanın Pərviz barəsində heç nə söyləmədiyini təsdiqlədi. Lakin bu, vəziyyəti yumşaltmaq əvəzinə, daha da gərginləşdirdi".

 

Bu zəmində aralarında mübahisə yaranıb və tərəflər əlbəyaxa olublar. İlkin yumruq davasından sonra Şəmsi Babəkə bıçaqla 6 dəfə zərbə endirib. Qardaşı Rəvan müdaxilə etdikdə isə təqsirləndirilən şəxs ona da qolundan bıçaqla xəsarət yetirib. Digər dostları - Pərviz və Turalın müdaxiləsi nəticəsində dava dayandırılıb.

 

Sabunçu Tibb Mərkəzinə çatdırılan Babək təcili əməliyyat olunub və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

 

Zərərçəkmiş məhkəmədə vurğulayıb ki, hadisədən sonra tərəflər arasında heç bir barışıq olmayıb və xəstəxanada müalicə aldığı müddətdə Şəmsi Məmmədlinin ailə üzvləri və ya yaxınları tərəfindən heç bir maddi yardım göstərilməyib. Buna baxmayaraq, Babək təqsirləndirilən şəxsdən şikayətçi olmadığını da əlavə edib.

 

Məhkəmə prosesində ikinci zərərçəkən - Rəvan Quliyev və iş üzrə ibtidai istintaqda dindirilmiş şahidlər də ifadə veriblər.

 

Məhkəmə prosesi növbəti günlərdə davam etdiriləcək.

 

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) hadisədən sonra Binə qəsəbəsində Babək Quliyev və Rəvan Quliyevin bıçaqlanması barədə rəsmi məlumat yaymışdı. Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Şəmsi Məmmədli saxlanılmışdı.

Tarix: 13 Yanvar 2026, 17:25   
Seçilən
155
pravda.az

1Mənbələr