AZ

Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Uyğunlaşma mərhələsi çətin, amma faydalı oldu- MÜSAHİBƏ

London, 13 yanvar, AZƏRTAC

Son illər Böyük Britaniyada çalışan azərbaycanlı həkimlərin sayı artmaqdadır. Onlardan biri də artıq 16 ildir ailəsi ilə birlikdə Böyük Britaniyada yaşayan, son 10 ilini NHS (Milli Səhiyyə Xidməti) sistemində çalışan və hazırda GP (General Practitioner - ümumi təcrübə həkimi) kimi fəaliyyət göstərən Lamiyə Baxşəliyevadır. O, AZƏRTAC-a müsahibəsində Azərbaycandan Böyük Britaniyaya köçdükdən sonra səhiyyə sisteminə uyğunlaşma prosesi, Britaniya səhiyyə sistemində GP-lərin rolu, eləcə də gənc azərbaycanlı həkimlərə tövsiyələri barədə danışıb.

-Azərbaycandan Böyük Britaniyaya gələrək buradakı səhiyyə sisteminə uyğunlaşmaq prosesiniz necə keçdi? Bu mərhələdə hansı çətinliklərlə qarşılaşdınız?

-Azərbaycandan Böyük Britaniyaya köçdükdən sonra səhiyyə sisteminə uyğunlaşma mərhələsi müəyyən qədər çətin, amma faydalı oldu. Əsas diqqətimi ingilis dilini inkişaf etdirməyə yönəltdim, çünki həm ünsiyyət, həm də peşəkar fəaliyyət üçün bu, çox vacib idi. Tələb olunan imtahanlara (PLAB 1&2) qısa müddət ərzində hazırlaşaraq lisenziya ala bildim. Yeni səhiyyə sisteminə, iş mühitinə və qaydalara uyğunlaşmaq zaman alsa da, mərhələli şəkildə bu prosesi uğurla keçdim.

-Böyük Britaniyada GP olaraq işləmək üçün keçməli olduğunuz mərhələlər nələr idi və bu proses nə qədər vaxt apardı?

-GP olmaq üçün Böyük Britaniyada əsas təlim proqramı 3 il davam edir. Lakin bu mərhələyə qədər və bu müddət ərzində müxtəlif tibb sahələrində çalışaraq təcrübə toplamaq vacibdir. Mən də GP proqramına başlamazdan əvvəl NHS daxilində bir neçə fərqli şöbədə işlədim, bu da həm klinik biliklərimi genişləndirdi, həm də səhiyyə sistemini daha yaxından tanımağa imkan verdi. Ümumilikdə, GP olmaq üçün müxtəlif sahələrdə işləmək və praktik təcrübə qazanmaq mühüm şərtdir.

-GP-nin Britaniya səhiyyə sistemində rolu nədən ibarətdir, bu vəzifə xəstələrin gündəlik həyatına necə təsir edir?

-GP Britaniya səhiyyə sistemində ilkin tibbi yardımın əsas dayağıdır. Xəstələr ilk növbədə məhz GP-yə müraciət edirlər və onların ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, diaqnozun qoyulması, müalicənin başlanması və lazım olduqda mütəxəssis həkimlərə yönləndirilməsi GP-nin əsas vəzifələrinə daxildir. GP-lər xroniki xəstəliklərin uzunmüddətli izlənməsində, profilaktik müayinələrin aparılmasında və sağlam həyat tərzinin təşviqində mühüm rol oynayırlar. Bu vəzifə xəstələrin gündəlik həyatına birbaşa təsir edir, çünki GP onların sağlamlıqla bağlı ilk məsləhətçisi və davamlı tibbi dəstək nöqtəsidir.

-“188 Practice” və “Arnos Grove Medical Centre” kimi iki fərqli tibbi mərkəzdə paralel işləmək sizə hansı peşəkar üstünlükləri qazandırır? Bu təcrübə praktikada özünü necə göstərir?

-İki fərqli tibbi mərkəzdə paralel işləmək mənə peşəkar baxımdan əhəmiyyətli üstünlüklər qazandırır. Fərqli komandalarla işləmək, müxtəlif pasiyent qrupları və sosial mühitlərlə qarşılaşmaq klinik yanaşmamı daha çevik və geniş edir. Hər mərkəzin öz iş sistemi və prioritetləri olduğundan, bu da qərarvermə və adaptasiya bacarıqlarımı gücləndirir.

-Son illərdə Böyük Britaniyada GP-lərin üzərinə düşən yükün artdığı tez-tez müzakirə olunur. Siz praktikada bunu necə hiss edirsiniz?

-Bəli, son illərdə GP-lərin üzərinə düşən yükün artması praktikada açıq şəkildə hiss olunur. Pasiyent müraciətlərinin sayı artıb, eyni zamanda, müraciətlərin mürəkkəbliyi də yüksəlib. Pasiyentlər daha çox xroniki xəstəliklərlə, bir neçə problemi eyni anda əhatə edən vəziyyətlərlə müraciət edirlər ki, bu da hər konsultasiyada daha çox vaxt və diqqət tələb edir.

Bundan əlavə, sənədləşmə və elektron sistemlərlə bağı, habelə inzibati işlərin həcmi də artıb. Bu, birbaşa xəstə ilə təmas üçün ayrılan vaxtı məhdudlaşdıra bilir.

-Xəstələr ən çox hansı sağlamlıq problemləri ilə GP-lərə müraciət edirlər və son dövrlərdə bu sahədə hansı dəyişiklikləri müşahidə edirsiniz?

-GP-lərə ən çox müraciət edilən problemlər xroniki xəstəliklər (hipertoniya, diabet, astma), tənəffüs yolu infeksiyaları, əzələ-oynaq ağrıları və psixi sağlamlıqla bağlı şikayətlərdir.

-Xaricdə yaşayan azərbaycanlılar (pasiyentlər) üçün Britaniyada GP sisteminə uyğunlaşmaq çətin olurmu?

-Azərbaycandakı səhiyyə sistemi ilə Britaniyadakı GP sistemi arasında böyük fərqlər var. Burada pasiyentlər ilk növbədə GP-yə müraciət edir, mütəxəssisə birbaşa getmək mümkün deyil. Bu isə bəzən yeni gələnlər üçün anlaşılmaz ola bilər. Onlayn randevu sistemləri, uzun gözləmə müddətləri və pasiyent qeydiyyatı prosedurları yeni gələnlər üçün qarışıq görünə bilər.

-Tibbi karyera qurmaq istəyən gənc azərbaycanlılara, xüsusilə də Böyük Britaniyada həkim olmaq arzusunda olanlara hansı məsləhətləri verərdiniz?

-Gənc həkimlərə tövsiyəm odur ki, öncə ingilis dilini mükəmməl səviyyəyə çatdırsınlar, yalnız bundan sonra Böyük Britaniyada tələb olunan lisenziya imtahanlarına hazırlığa başlasınlar. Düzdür, son vaxtlar iş imkanları müəyyən qədər məhdudlaşıb, amma ümid edirəm ki, gələcəkdə bu vəziyyət yaxşılaşacaq və daha çox fürsətlər açılacaq.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
17
azertag.az

1Mənbələr