AZ

Vahid Novruzov: Mühasibatlıqda və auditdə ən geniş yayılmış nöqsan müstəqilliyin pozulmasıdır – MÜSAHİBƏ

Bakı, 13 yanvar, AZƏRTAC

Auditorlar Palatasının Şurası 2026-cı ili “Auditdə peşə etikası ili” elan etmək barədə qərar qəbul edib. Bu qərar auditorluq sahəsində etik standartların gücləndirilməsi, peşəkar davranış qaydalarının daha geniş şəkildə təşviq edilməsi və sahədə fəaliyyət göstərən mütəxəssislərin məsuliyyət və etika anlayışının artırılması məqsədini daşıyır. Beləliklə, bu il auditorlar üçün həm bilik, həm də peşəkar davranış baxımından xüsusi diqqət və önəm veriləcək, sahədə şəffaflıq və etibarın möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

Palatanın sədri, professor Vahid Novruzov AZƏRTAC-ın suallarını cavablayaraq qərarın əhəmiyyəti və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.

- Ölkə auditorları üçün 2026-cı ilin “Auditdə peşə etikası ili” elan edilməsi hansı zərurətdən irəli gəlib?

- Dünya təcrübəsi göstərir ki, mühasibatlıqda və auditdə etik nöqteyi-nəzərdən bir çox pozuntulara yol verilir ki, bunlardan da ən geniş yayılmış nöqsan müstəqilliyin pozulmasıdır. Məhz müstəqilliklə bağlı nöqsanlar peşəyə ictimai etimadın azalmasına, həm də peşəkar nüfuzun ciddi şəkildə pozulmasına zəmin yaradır. Nəzərə almaq lazımdır ki, mühasibatlıq və auditdə sadəcə qanuna əməl etmək yetərli deyildir. Etimad pozuntusuna yol vermək, başqa etik qaydalardan kənara çıxmaq yolverilməzdir. Peşə fəaliyyəti həm hüquqi olmalı, həm də etik çərçivəyə uyğun gəlməlidir. Başqa sözlə, etik məsuliyyət yalnız qanunvericiliyə riayət etməklə bitmir. Peşə fəaliyyəti zamanı bir çox pis əməllərdən, o cümlədən maraqlar toqquşması bu növ pozuntular aşkarlandıqdan sonra deyil, yaranmazdan əvvəl onların qarşısını almağa yönəlmiş proaktiv yanaşma sərgilənməsi çox vacibdir.

- Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsində maliyyə hesabatlarında etimad, şəffaflıq və müvafiqliyin təmin edilməsi sahəsində həmin hesabatların hazırlanmasında və auditində məsuliyyət daşıyan şəxslər üçün bir sıra vəzifələr müəyyənləşdirilib. Bu vəzifələrin həllində etik davranışın rolunu necə dəyərləndirirsiniz?

- Məlumdur ki, maliyyə hesabatlarını hazırlayan şəxslərin və ya təşkilatların əsas vəzifələri sırasında bu hesabatların tam, düzgün və bütün tələb olunan qanuni və tənzimləyici meyarla uyğunluğu önəmli yer tutur. O ki, qaldı hesabatların düzgünlüyünə rəy verən auditorlara və auditor təşkilatlarına onlardan tələb olunur ki, həmin rəylər tamlıq, obyektivlik, peşəkar səriştə və yetərli diqqət, məxfilik, peşəkar davranış kimi təməl prinsiplərə uyğun tərtib edilsin. Beynəlxalq təcrübə göstərir ki, mühasiblər və auditorlar öz peşələrinə cəmiyyətin bütün təbəqələrinin inam və etimadını qazanmaq üçün peşəkar fəaliyyətlərində ilk növbədə etik prinsiplərə və peşə standartlarına əməl etməlidirlər. İqtisadi transformasiya, dayanıqlı inkişafın xüsusiyyətləri mühasiblərdən və auditorlardan maliyyə hesabatlarına dair yalnız uyğunluq, həm də, daha çox etibar gözləyirlər. Həqiqi etibar yaradılması isə etik prinsiplərə əməl olunmaqla əldə edilə bilər. Nəzərə almaq lazımdır ki, nəzarətdən etibara keçid XXI əsrdə mühasiblər və auditorlar üçün əsas transformasiya trendini təşkil edir.

- Etik pozuntuların aşkar edilməsi və onların aradan qaldırılması yollarını nədə görürsünüz?

- Müəyyən edilib ki, təşkilatda etik davranış qaydalarını tənzimləyən sənədlər mövcuddur və əməkdaşlar üçün əlçatan vəziyyətdədir. Bununla yanaşı, etik göstəricilərin ölçülməsi üzrə sistemli yanaşmanın tam formalaşmadığı, etik pozuntuların uçotu və təhlilinin isə əsasən reaktiv xarakter daşıdığı müşahidə olunub. Hesabatlılıq baxımından, qərarların sənədləşdirilməsi və məsuliyyət bölgüsünün aparılması təmin edilsə də, etik göstəricilər üzrə ayrıca monitorinq və dövri hesabatlılıq mexanizmlərinin tətbiqi zəruri hesab olunur. Etik davranışa dair məlumatların strukturlaşdırılmış şəkildə rəhbərliyə təqdim olunması şəffaflığın və idarəetmədə etimadın artırılmasına xidmət edər. Auditin nəticələrinə əsasən, etik göstəricilərin müəyyən edilməsi, ölçülməsi və onların hesabatlılıq sisteminə inteqrasiyası tövsiyə olunur. Bu yanaşma etik risklərin vaxtında aşkarlanmasına, daxili nəzarət mühitinin gücləndirilməsinə və ümumi audit keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək. Ümumiyyətlə, ilk növbədə aşağıda göstərilən etik pozuntuların səbəblərini aradan qaldırmaq lazımdır:

1. Daxili nəzarətin zəifliyi – prosedurlar və audit yoxlamalarının tam olmaması;

2. Maliyyə təzyiqi – şirkətin göstəricilərini yaxşı göstərmək üçün manipulyasiya;

3. Etik təlimlərin yetərsizliyi – işçilərin kodeks və qaydaları başa düşməməsi;

4. Maraqlar toqquşmasının bəyan edilməməsi – şəxsi maraqların gizlədilməsi.

Etik pozuntuların qarşısının alınmasına isə aşağıda göstərilən yollarla nail olmaq mümkündür:

- Daxili prosedurların gücləndirilməsi – “check-list” və nəzarət mexanizmləri;

- Mütəmadi etik və peşəkar təlimlər;

- Etik xətt və anonim müraciət mexanizmi;

- Maraqlar toqquşması bəyanatları;

- Rüblük və illik etik hesabatlar.

Mühasibatlıq sahəsində etik pozuntuların sistemli monitorinqi və hesabatlılıq, həm daxili audit, həm də Auditorlar Palatası yoxlamaları üçün əsas sübut bazası rolunu oynayır.

- Auditorlar Palatası tərəfindən yaxın zamanda hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Auditorlar Palatasının 2026-cı il üzrə iş planında auditorlar tərəfindən etik qaydalara əməl edilməsi ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, Beynəlxalq Mühasiblərin Peşəkar Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) auditorlar arasında təşviqi və riayət olunmasının təmin olunması, auditorun etik davranışına dair nümunəvi daxili qaydanın hazırlanması, Auditorların peşəkar müstəqillik barədə bəyanatının hazırlanması və ona riayət olunmasının təmin olunması bu ilin prioritet məsələləri kimi qarşıya məqsəd qoyulub. Auditorlar tərəfindən etik qaydalara əməl edilməsinə dair monitorinq sisteminin tətbiqi və bu məqsədlə auditorların etik davranışı üzrə monitorinqin proqramının və etik pozuntular üzrə statistik illik hesabatların hazırlanması da mühüm aktuallıq kəsb edir. Fikrimizcə, auditorun etik risklərin qiymətləndirilməsinə dair nümunəvi daxili əsasnamənin və hesabatın reallaşdırılması da auditə etimadın yüksəlməsinə xidmət edəcək.

Seçilən
63
azertag.az

1Mənbələr