AZ

Neftin qiymətinin artması büdcə gəlirlərinə necə təsir edəcək?

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Neft bazarında müşahidə olunan qiymət artımları təkcə enerji sektoruna deyil, ümumilikdə ölkələrin makroiqtisadi sabitliyinə də birbaşa təsir göstərir. Xüsusilə, neft ixracatçısı olan ölkələrdə bu artım büdcə gəlirlərinin yüksəlməsi ilə yanaşı, inflyasiya risklərinin güclənməsi ehtimalını da gündəmə gətirir. Bəs neft qiymətlərinin bahalaşması daxili bazarda qiymət artımına səbəb ola bilərmi və bu risklərin qarşısını almaq üçün hansı mexanizmlər daha effektivdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı professor Elşad Məmmədov bildirib ki, inflyasiya ilə mübarizədə ən effektiv mexanizmlərdən biri istehsalın genişləndirilməsidir.

Onun sözlərinə görə, istehsalın artırılması prosesində prioritet yüksək texnoloji tutumlu və əlavə dəyər yaradan sahələrə verilməlidir.

“Əlavə dəyərli istehsalın genişlənməsi, yüksək əməkhaqqı tutumlu iş yerlərinin açılması deməkdir. Bu isə bazarda həm məhsul və xidmət təklifinin artmasına, həm də əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə şərait yaradır”.

Elşad Məmmədovun fikrincə, istehsalın artması nəticəsində pul kütləsinin genişlənməsi ilə məhsul və xidmət təklifi arasında müvafiq balans formalaşır.

“Bu mütənasiblik qorunarsa, hətta neft qiymətləri artdığı və pul kütləsi çoxaldığı şəraitdə belə inflyasiya ilə mübarizə çərçivəsində müsbət nəticələr əldə etmək mümkündür”.

İqtisadçı hesab edir ki, əsas məsələ neft gəlirlərinin düzgün istiqamətləndirilməsi və real sektorun inkişafına yönəldilməsidir. Bu yanaşma uzunmüddətli perspektivdə inflyasiya risklərinin minimuma endirilməsinə və iqtisadi dayanıqlığın təmin olunmasına imkan yarada bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
konkret.az

1Mənbələr