AZ

Futbolçu Qara getdi, məşqçi Qara gəldi! - o, doğrudanmı, Azərbaycan futbolu üçün tükənmişdi?

Azərbaycan futbolunun müstəqillik dönəminin əfsanələrindən biri Qara Qarayev srağagün karyerasını bitirdiyini açıqladı.

Bəli,
“Neftçi” və “Araz-Naxçıvan” karyerası nə qədər uğursuz alınsa da, o, “Qarabağ”ın, ölkə futbolunun əfsanələrindən biridi. Bəlkə də onun üçün hər şey “köhlən atlar”dan ayrılandan sonra bitdi. azarkeşlərinin ahı idi. Yadınızdadısa, azarkeşlər onu fitə basır, Qaranın xarakterinə zidd olan şüarlar səsləndirirdilər. Artıq bundan sonra Qara Qarayevin ad-soyadını işlədəndə “sabiq futbolçu” yazmağa məcburuq.

2 nömrəli futbolçu görəndə dərhal Qara Qarayev yada düşəcək. Qara Azərbaycan futbol məktəbinin yetişdirdiyi ən istedadlı futbolçulardan biridi. Mövqeyinin ən yaxşısıdı. 10 mövsümdən artıq sabit şəkildə çıxış etmək hər yerli futbolçunun karyerasında olmayıb. Bunu bacarıb.

Təəssüf ki, “Neftçi”də kimlərinsə probleminin qurbanı oldu, “Araz-Naxçıvan”da heyətə düşə bilmədi. “Omoniya” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında “Qarabağ” və “Neftçi”dən heyətə düşə bilmirdin deyə ayrılmışdın, eyni problemi “Araz-Naxçıvan”da da yaşayırsan. Bu səni narahat etmir ki” soruşmuşdum.O isə “mən həmişə Elmar müəllimin yanındayam” demişdi.

Elmar müəllimin gedişi rəsmiləşməmiş Qara Qarayev komandadan ayrıldı. Amma karyerasını bitirməsi sürpriz oldu. Müasir futbolda 33 yaş heç də karyeranın sonu anlamına gəlmir. Qara da oynaya bilərdi. Artıq çəkisi yoxdu, idman formasından uzaq deyil. Ortabab klublarda rahatlıqla oynaya bilərdi. Ona hələ də bir çox klubun ehtiyacı var.

Qara ötən ilin oktyabrından “Araz-Naxçıvan”da çıxış edirdi. 33 yaşlı futbolçu cari mövsümdə 13 oyuna çıxıb, “qırmızı-ağlar”ın heyətində ümumilikdə 37 oyun keçirib.

Qarayev əvvəllər “Qarabağ”da və “Neftçi”də çıxış edib. Azərbaycan millisinin heyətində də 77 oyun keçirib. Karyerası ərzində 13 titul qazanan Qara 510 oyuna çıxıb, 5 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb. Bəli, rəqəmlər işıq saçmır. Amma nəzərə alaq ki, dayaq yarımmüdafiəçisi olub. Meydanda da daha çox qara iş görüb.

Daha bir maraqlı məqam budu ki, heç bir məşqçilik təcrübəsi olmayan Qaraya dərhal U-21-də analitik vəzifəsi verildi. Qara nə vaxt məşqçi oldu? Nə vaxt hazırlaşdı, oxudu? Millidə məşqçi olmaq bu qədərmi asandı? Məgər ölkədə məşqçi qıtlığı var?

Qaranın bu qərarı haqda menecer fikri öyrənmək qərarına gəldik. Emil Şükürovun düşüncələrini aldıq:
“Qara Azərbaycan futbolu və “Qarabağ” üçün vacib oyunçu olub. Son keçidləri məcburi olub. Belə başa düşürəm. Təbii ki, belə durumda karyerasını bitirməsini normal hesab edirəm. Fiziki cəhətdən tükənmə ola bilər. Bədən tükənir, psixoloji cəhətdən tükənə bilər. Məncə, daha çox ikinci amildi. Bütün karyerasını “Qarabağ”a bağlamış oyunuçu başqa klubda çıxış etməyi mental cəhətdən alındıra bilmir. Öyrəşdiyi sistem var, camiə var. Qaranın şansı, təklifi olsaydı, növbəti iki-üç mövsümü rahat şəkildə Asiya çempionatlarında, Səudiyyə Ərəbistan klublarında oynaya bilərdi. Bu daha çox maliyyə qazanmaq üçün olardı. Əminəm ki, onun səviyyəsi bu çempionatlarda oynamağa imkan verərdi. Qaranın karyerasını tez bitirməsini Azərbaycan futbolunda bir epoxanın bitməsi kimi dəyərləndirə bilərik. Azərbaycan futbolunun yetirməsidi. Onun təcrübəsindən yararlanmaq lazımdı. İnanmıram ki, o məşqçi kimi karyerasını davam etdirsin. Şəxsi ünsiyyətimiz olub. Belə başa düşürəm ki, futbol funksioneri kimi davam edəcək. İndiyə kimi görüb-götürdüklərindən Azərbaycan futbolu istifadə etməlidi. Uşaqlarla işləyə bilər. Uşaqlar üçün ulduz futbolçularla işləmək daha yaxşı olar. Qaraya karyerasının növbəti hissəsində uğurlar arzulayıram. Klublarımıza da tövsiyə edirəm ki, Qara Qarayevin təcrübəsindən yararlansınlar”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
18
50
football-plus.az

10Mənbələr