Laçında ata-baba evi müasir şəkildə təmir edilərək keçmiş məcburi köçkün ailəsinə təhvil verilib. Lakin, ailə onlara təqdim olunan evlə kifayətlənmir.
Xezerxeber.az xəbər verir ki, onlar işğaldan əvvəl atasına məxsus olduğunu iddia etdikləri torpaq sahəsində yerləşən köməkçi tikilinin də özlərinə verilməsini tələb edirlər.
Alıyevlər ailəsi 2023-cü ildə Laçına köçürülən ilk ailələrdən biridir. Laçın şəhəri Həzi Aslanov küçəsi 82 ünvanında yerləşən ev onların mülkiyyəti hesab olunur. Sözügedən ev dövlət vəsaiti hesabına müasir şəkildə təmir edilərək ailəyə təhvil verilib. Yaşayış üçün bütün zəruri şərait yaradılıb. Lakin, ailə təqdim olunan bu imkanlarla kifayətlənmir. Onlar əlavə tələblərlə çıxış edirlər.
Ailəyə dövlət tərəfindən təmir edilərək verilən evdə onlara yaradılan şəraiti də çəkməyə çalışdıq, ancaq buna razı olmadılar.
İddiaları sosial şəbəkələrdə paylaşılan Qərənfil Alızadə isə kamera qarşısına çıxmaq istəmədi, onun guya Laçında olmadığı bildirildi. Ailənin iddia etdiyi tikili isə qeyri-yaşayış sahəsi kimi qeydiyyatdadır.
Maraqlıdır ki, 2023-cü ilin iyul ayında Laçına köçürülən ilk ailələrdən biri olduqları üçün sevincini gizlətməyən, bunu böyük xoşbəxtlik kimi dəyərləndirən, müsahibələr verərək təşəkkürünü bildirən Qərənfil Alızadəni indi fikrini dəyişməyə vadar edən nədir?
Aidiyyəti qurumun açıqlamasına görə, həmin tikilinin yaşayış üçün uyğun olmadığı ilə bağlı ailə məlumatlandırılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Xəbər Xəbər"ə təqdim etdiyi sənədə görə, şikayətçi Laçına köçərkən ailə üzvlərinin sayını 5 nəfər kimi göstərib. H.Aslanov küçəsi 82 ünvanında ona veriləcək evdə isə o, həyat yoldaşı, bacısı Qərənfil Alızadə və iki oğlu ilə birlikdə daimi yaşayacağını təsdiqləyib və başqa etirazları olmayıb.
Görünən odur ki, ailə bu addımları ilə görülən işlərə kölgə salmaq istəyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.