AZ

"Demokratiya" şousu və mollakratiya qəssabxanası: Trampın "böyük sükutu"




İranda internet kəsilib, dünya ilə bağlar qırılıb. Rəsmi Tehran elə zənn edir ki, əgər qanlı qətliamlar "canlı yayımda" izlənilmirsə, deməli, o dəhşətlər yaşanmır. Lakin dumanlı kadrlar, kəsik-kəsik görüntülər və küçələrin ortasında qalan cəsədlər başqa bir həqiqəti çığırır: İranda bu gün qan su yerinə axır. Bu qanlı mənzərənin ortasında isə adamın boğazını göynədən bir sual yaranır: Bəs hanı o "böyük qardaşlar", hanı o "tvit qəhrəmanları", hanı insan haqlarını bayraq edənlər?

Yadınızdadırmı, Donald Tramp vaxtilə barmaq silkələyib İran xalqına müraciətlə deyirdi: "Biz sizinləyik! Əgər hökumət sizə atəş açsa, dünya buna sakit baxmayacaq!" O zaman bu vədlər inqilab eşqi ilə küçələrə tökülən milyonlar üçün bir ümid işığı idi. Tramp qazanı qaynatdı, altındakı odu var gücü ilə gurlaşdırdı, çarəsiz insanları "azadlıq" və "demokratiya" naminə meydanlara, güllənin qabağına çağırdı. İndi isə o qazan daşır, içindəki insanlar diri-diri yanır, amma deyəsən, cənab Trampın "səssiz rejim" düyməsi sıxılı qalıb.



Görəsən, Vaşinqtonun o məşhur "qırmızı xətti" neçə mininci cəsəddən sonra rənglənir? 12 min insanın öldürüldüyü barədə sarsıdıcı xəbərlər kifayət deyilmi? Yoxsa indi qolf meydançalarında küləyin istiqaməti siyasi bəyanat verməyə, bir xalqın fəryadını eşitməyə mane olur? Görünür, cənab Trampın saatı hələ o "hərəkətə keçmə" məqamını göstərmir. Çünki onların siyasətində insan canı sadəcə rəqəmdir, xalqlar isə geopolitik bazarlıqların xırda pullarıdır.

Tehrandakı "taxtabaş" mollalar interneti kəsməklə dünyanı kor edəcəklərini düşünürlər. Bu, qədim və bəsit bir tiran üsuludur: "Görmürsünüzsə, deməli, yoxdur." Amma əsl "oflayn" vəziyyəti okeanın o tayında, Vaşinqtonda yaşanır. Etirazçıları həvəsləndirən, onları rejimə qarşı aslan kimi kükrədən gurultulu bəyanatların yerini indi dərin, mənalı və qorxunc bir sükut alıb.

İroniyanın acılığına baxın: İran rejimi öz xalqını güllə ilə susdurur, Qərb isə "strateji sükutla". Biri birbaşa qatildir, o biri isə lojada əyləşib tamaşa edən soyuqqanlı izləyici. Trampın "qaynatdığı qazan"da indi İranın yoxsul, çarəsiz və silahsız insanları bişirilir. O vəd olunan "müqəddəs demokratiya" nə vaxt gələcək? Bəlkə ölkənin yarısı məhv ediləndən, qalan yarısı isə qaranlıq zindanlara doldurulandan sonra?

İranda baş verənlər bir daha acı bir həqiqəti sübut edir: Böyük güclərin "yanınızdayıq" mesajı, leysan yağışda verilən "günəş kremi" kimidir – heç bir faydası yoxdur, sadəcə istehzadır. Tramp və onun kimilər üçün İran xalqı böyük şahmat taxtasında qurban verilən piyadalardır. Piyadalar qırılır ki, şahlar öz saraylarında daha rahat əyləşsinlər, bazarlıqlarını daha baha etsinlər.

Bu saatlarda rəsmi Tehran küçələri qanla yuyur, Tramp isə yəqin ki, növbəti "tarixi" tvitini hansı şriftlə yazacağı barədə düşünür. O vaxta qədər isə internet hələ də bağlıdır, güllələr hələ də atılır və "qazan" hələ də qaynayır. Təəssüf ki, bu qanlı teatrın biletini İran xalqı öz canı, qanı və gələcəyi ilə ödəyir. "Rejissorlar" isə lojada sakitcə əl çalmağı belə çox görürlər. Bu sükut, atılan güllələrdən daha ağırdır.

Şəmsi Qoca



Seçilən
64
aia.az

1Mənbələr