“Sumqayıt”ın futbolçusu Aleksa Yankoviçin Offsideplus.az saytına müsahibəsi
- Təlim-məşq toplanışı necə gedir?
- Toplanışın gedişatından çox məmnunuq. Mövsümün növbəti hissəsinə hazırlaşmaq üçün Antalyada çox yaxşı şərait var. Bəlkə də nəticələr burada özünü göstərmədi, amma əminəm ki, çempionat başlayanda vəziyyət dəyişəcək.
- İlk dəfə ölkə xaricində çıxış edirsiniz. Azərbaycana öyrəşmək çətin olmadı?
- Bəli, xaricdə ilk dəfə oynayıram, mənim üçün çətin olduğunu deməzdim, elə deyilmi? 4 qol və 4 məhsuldar ötürmə. Burada özümü yaxşı hiss edirəm.
- Serbiya çempionatı ilə Azərbaycan çempionatı arasında nə kimi fərqlər görürsünüz?
- Ən böyük fərq fiziki durumla bağlıdır. Ancaq burada taktiki cəhətdən çox yaxşı olan komandalar da var.
- “Partizan” yetirməsiziniz. Bu klubun əfsanəsi olan Saşa İliçin “Sumqayıt”a gəlişinizdə nə dərəcədə rolu olub?
- Uşaqlıqdan bəri 10 il “Partizan”da oynamışam. Bir sözlə, mənim uşaqlıq klubumdur. Hamı düşünür ki, bura gəlməyimi istəyən Saşa İliç olub. Amma bu doğru deyil. Mən “Sumqayıt”la 3 il ardıcıl danışıqlar aparmışam. Hətta Saşa İliçin məşqçi olmadığı zamanlarda məni bir neçə dəfə gətirmək istəyiblər. Gedişat elə alındı ki, mən bura gəlməyə qərar verdikdən bir neçə gün sonra onun yeni baş məşqçi olacağını öyrəndim. Saşa İliçlə yenidən işləməkdən çox məmnunam. Bizim əvvəldən də münasibətimiz yaxşı olub.
- İlk turda "Kəpəz"lə oyunda vurduğunuz qol baxımlı alınmışdı. Sonrakı turlarda sizdən belə qol görmədik. Çempionatın ikinci hissəsində görə biləcəyikmi?
- Bəli, ilk qolum çox yaxşı idi. Ancaq mən sizin bu fikrinizlə razılaşmıram. “Karvan-Yevlax”la oyunda 30 metrlik cərimə zərbəsindən vurduğum qolu da qeyd etmək istərdim. Həmişə demişəm ki,qol qoldur, əgər top xətti keçərsə, necə vurduğunun fərqi yoxdur. Mövsümün davamında da mümkün qədər çox qol vurmağa çalışacağam.