AZ

Bakıda su axır, amma təhlükə ilə birlikdə: İçməli suyun görünməyən problemi

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı sakinləri üçün su kranı açmaq artıq sadəcə məişət hərəkəti deyil, sanki bir lotereyadır: “Bu gün gələcəkmi?”, “Gəlsə, içməyə yarayacaqmı?”, “Rəngi dəyişməyəcək ki?”. Son illər paytaxtda içməli su ilə bağlı təkcə çatışmazlıq yox, həm də keyfiyyət problemi ciddi narahatlıq doğurur. Çoxları kran suyunu birbaşa içməyə risk etmir, bəzi ailələr filtr sistemlərinə keçib, bəziləri isə qablaşdırılmış suya möhtacdır. Amma suyun pul xərci var, sağlamlığın isə qiyməti yoxdur.

Məsələ ondadır ki, su yalnız susuzluğu yatıran maye deyil, insan orqanizminin əsas həyat dayağıdır. Keyfiyyətsiz, çirkli və ya normaya uyğun təmizlənməyən su təkcə dad problemi deyil. Bu, bakterial risk, infeksiya təhlükəsi və uzunmüddətli sağlamlıq fəsadları deməkdir. Bakı və Abşeronda köhnəlmiş su xətləri, boru sistemində sızmalar, sənaye tullantılarının təsiri, təmizləmə sistemlərinin müəyyən hallarda yükə tab gətirməməsi nəticəsində suyun tərkibi hər yerdə eyni keyfiyyətdə olmur. Çox vaxt elə olur ki, krandan gələn su şəffaf görünür, amma içində görünməyən təhlükələr dolaşır.

Bu problem təkcə texniki yox, sosial məsələdir. Çünki insanlar suya etibarını itirəndə sağlamlıqdan çox psixoloji rahatlıq pozulur. Ailələr uşaqlarına hansı suyu içirdiklərini düşünərək narahat olur, yaşlılar üçün risk daha böyükdür. Bu da cəmiyyətdə haqlı sualı gündəmə gətirir: "Paytaxtda yaşayıb təmiz suya niyə tam güvənməməliyik?"

Əlbəttə, dövlət səviyyəsində layihələr, yeni su xətləri, təmizləmə sistemlərinin yenilənməsi ilə bağlı işlər görülür və bu, ümid yaradır. Amma su məsələsi sabaha saxlanıla biləcək komfort deyil. Bu, bu gün həll olunmalı həyati ehtiyacdır. Çünki həyatın əsası sudursa, şəhərin keyfiyyəti də suyun keyfiyyətindən başlayır.

Bakı böyük şəhərdir, inkişaf edir, müasir binalar, yollar, layihələr tikilir. Amma hər gələcəyin bir təməli var. Bu təməl də su qədər sadə və vacibdir. Su problemi həll olunmadan “rahat şəhər həyatı” ifadəsi həmişə yarımçıq qalacaq. İstəyimiz çox deyil. Sadəcə kranı açanda suyun yalnız gələcəyinə yox, keyfiyyətinə də əmin olmaq.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
icma.az

1Mənbələr