Tramp administrasiyası ilə Pəhləvi arasında ilk yüksək səviyyəli təmas baş tutub...
Ağ Evin xüsusi elçisi Stiv Uitkoff İranın sabiq vəliəhdi Rza Pəhləvi ilə gizli görüş keçirib.
Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən Axios nəşri məlumat yayıb. Bildirilir ki, sözügedən görüş İranda 15 gün əvvəl başlayan kütləvi etirazlardan sonra Tramp administrasiyası ilə İran müxalifəti arasında baş tutan ilk yüksək səviyyəli təmas olub.
Məlumata görə, Rza Pəhləvi bu görüşdə özünü İran İslam Respublikasının mümkün süqutu halında “keçid dövrü lideri” kimi təqdim etməyə çalışıb. O, ölkədə hakimiyyət dəyişikliyi baş verərsə, müvəqqəti siyasi fiqur rolunu üzərinə götürməyə hazır olduğunu bildirib və ABŞ-nin dəstəyinə ümid etdiyini gizlətməyib.
Qeyd edək ki, Rza Pəhləvi 1979-cu ildə İslam İnqilabı nəticəsində devrilmiş İran şahı Məhəmmədrza Pəhləvinin oğludur. O, hazırda ABŞ-də mühacirətdə yaşayır və İran müxalifətinin müxtəlif qollarından birinə rəhbərlik edir. Pəhləvi özünü dünyəvi və Qərbyönlü alternativ kimi təqdim edərək Tehran rejiminə qarşı mübarizədə beynəlxalq dəstək qazanmağa çalışır.
Axios-un yazdığına görə, son iki həftə ərzində Rza Pəhləvi mütəmadi olaraq ABŞ televiziya kanallarında çıxış edib. O, bu çıxışlarında ABŞ Prezidenti Donald Trampın administrasiyasını İranda davam edən etirazlara açıq şəkildə dəstək verməyə və proseslərə daha fəal müdaxilə etməyə çağırıb. Pəhləvi hesab edir ki, beynəlxalq siyasi təzyiq və ABŞ-nin qəti mövqeyi İran hakimiyyətinin zəifləməsində həlledici rol oynaya bilər.
Mənbələr bildirir ki, Uitkoff–Pəhləvi görüşü Tramp administrasiyasının İrandakı mövcud vəziyyəti diqqətlə izlədiyini və mümkün siyasi ssenariləri nəzərdən keçirdiyini göstərən mühüm siqnal kimi dəyərləndirilir. Rəsmi Vaşinqton isə hələlik görüşlə bağlı açıq şərh verməyib.
Poliqon.info