AZ

Alimlər Marsın Yer üzündəki həyata təsirindən heyrətə gəliblər

Mars Yer kürəsinin diametrinin cəmi yarısı qədər, kütləsi isə təxminən on dəfə daha az olmasına baxmayaraq, beynəlxalq alimlər qrupunun apardığı yeni araşdırma bu planetin Yerə olan cazibə (qravitasiya) təsirinin indiyədək düşünüldüyündən xeyli daha əhəmiyyətli olduğunu ortaya qoyub. Tədqiqat nəticələrinə görə, Qızıl Planet Yer kürəsinin orbitini nəzərəçarpacaq dərəcədə “daraldır” və buz dövrləri də daxil olmaqla uzunmüddətli iqlim dövrlərinin formalaşmasında mühüm rol oynayır.

Editor.az xəbər verir ki, araşdırma Publications of the Astronomical Society of the Pacific (PASP) elmi jurnalında dərc olunub.

Araşdırmanın müəllifi, Kaliforniya Universitetinin (Riverside) planet astrofizikası üzrə professoru Stiven Keynin sözlərinə görə, o, əvvəlcə Marsın Yer iqliminə ciddi təsir göstərə biləcəyi fikrinə şübhə ilə yanaşıb. Daha öncə geoloqlar okean dibindəki ritmik çöküntü qatlarının qismən Marsın cazibə qüvvəsi ilə əlaqəli iqlim dövrlərini əks etdirdiyini irəli sürmüşdülər.

“Marsın Yer üzərində müəyyən təsiri olduğunu bilirdim, lakin bu təsirin geoloji qeydlərdə görünməyəcək qədər zəif olduğunu düşünürdüm”, – deyə Keyn etiraf edib.

Bu ehtimalı yoxlamaq üçün alim Günəş sisteminin təkamülünü, eləcə də Yer orbitində və oxunun meyilliliyində on minlərlə və milyonlarla il ərzində baş verən dəyişiklikləri kompüter simulyasiyaları vasitəsilə araşdırıb. Məhz bu parametrlər Yer səthinə düşən günəş şüalarının paylanmasını müəyyən edir.

Bu dəyişikliklər elmdə Milankoviç dövrləri kimi tanınır və buz dövrlərinin başlanması və sona çatmasında əsas rol oynayır. Yer kürəsi 4,5 milyard illik tarixi ərzində ən azı beş böyük buz dövrü yaşayıb. Onlardan sonuncusu təxminən 2,6 milyon il əvvəl başlayıb və hazırda da davam edir.

Milankoviç dövrlərindən biri təxminən 430 min il davam edir və əsasən Venera və Yupiterin cazibə təsiri ilə bağlıdır. Bu dövr Yer orbitinin formasının dəyişməsi – demək olar ki, dairəvidən uzunsov formaya keçməsi və yenidən dairəviləşməsi ilə əlaqəlidir. Keynin simulyasiyalarında Marsın modelə daxil edilib-edilməməsindən asılı olmayaraq bu dövr müşahidə olunub.

Lakin təxminən 100 min il və 2,3 milyon il davam edən digər iki mühüm dövr Mars modeldən çıxarıldıqda tamamilə yoxa çıxıb. Alimin sözlərinə görə, “Marsı istisna etdikdə bu dövrlər sadəcə olaraq yox olur. Marsın kütləsi artırıldıqda isə onun təsiri gücləndiyi üçün dövrlər daha qısa olur”.

Araşdırmanın ən gözlənilməz nəticələrindən biri Marsın Yer oxunun hazırda təxminən 23,5 dərəcə olan meyilliliyinin sabitliyinə təsiri ilə bağlıdır. Məlum olub ki, Marsın kütləsi artdıqca bu meyillikdə baş verən dəyişikliklərin sürəti azalır. Bu isə Marsın Yer üçün müəyyən mənada sabitləşdirici rol oynadığını göstərir.

Tədqiqatın nəticələri daha geniş elmi nəticələr doğurur. Araşdırma göstərir ki, digər ulduz sistemlərində yerləşən nisbətən kiçik xarici planetlər belə potensial olaraq yaşayış üçün əlverişli planetlərin iqlim sabitliyini incə şəkildə formalaşdıra bilər. Bu amil Yerə bənzər ekzoplanetlərin axtarışı zamanı mütləq nəzərə alınmalıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr