Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı təhsil mühitində diqqət çəkən xəbər gündəmə gəlib. Hədəf Liseyinin təsisçisi və direktoru, dosent Şamil Sadiq açıqlama verərək bildirib ki, yeni tədris ilindən etibarən liseyin rusdilli bölməsinə birinci sinif şagirdləri qəbul edilməyəcək. Bu qərar dərhal təhsil ictimaiyyətində və valideynlər arasında geniş müzakirəyə səbəb olub.
Qərarın səbəbləri detallı şəkildə açıqlanmasa da, ümumi yanaşmadan görünür ki, bu addım rusdilli təhsilin gələcək perspektivi, ana dilində təhsilin möhkəmləndirilməsi və təhsil siyasətində milli prioritetlərin önə çəkilməsi ilə bağlıdır. Məlumdur ki, son illər Azərbaycanda rus bölməsinə maraq artıb və bir çox valideynlər övladlarını rus sektoruna yönəldir. Bu isə müxtəlif ekspertlər tərəfindən müxtəlif aspektlərdən qiymətləndirilir.
Təhsil eksperti Elçin Əfəndi mövzuya münasibət bildirərkən daha sərt mövqe ortaya qoyub: “Azərbaycanlı ailələr rus bölməsindən uzaq durmalıdırlar”, – deyə ekspert qeyd edib.
Elçin Əfəndi
Ekspertlərin fikrincə, ana dilində təhsil uşağın kimlik formalaşdırmasında, düşünmə bacarığında və milli dəyərlərlə böyüməsində mühüm rol oynayır. Rus bölməsinə yönəlmə isə zamanla dil asılılığı və kimlik yadlaşması risklərini artırır.
Bu mövzu ətrafında müxtəlif yanaşmalar mövcuddur. Bir tərəf bildirir ki, rus bölməsi daha çox imkan, daha güclü akademik nəticə və beynəlxalq mühitə çıxış şansı verir. Digər tərəf isə vurğulanyır ki, bu, psixoloji və mənəvi baxımdan ana dilindən uzaqlaşma, cəmiyyətdə dil bölünməsi və gələcəkdə sosial uçurumların dərinləşməsi təhlükəsi yarada bilər.
Valideynlərin reaksiyaları da fərqlidir. Bəziləri qərarı təqdir edir, bunu cəsarətli və milli baxımdan doğru addım kimi dəyərləndirir. Digərləri isə hesab edir ki, seçim hüququ məhdudlaşdırılmamalı, rus bölməsi qalmalı, lakin daha sağlam və keyfiyyətli şəkildə təşkil olunmalıdır.
Bu hadisə əslində daha böyük sualı gündəmə gətirir: Azərbaycanda təhsilin gələcək modeli necə olmalıdır? Milli kimliklə qlobal rəqabət arasında balans necə qurulmalıdır? Ana dilində keyfiyyətli təhsil təmin edilərsə, rus bölməsinə axın avtomatik azalacaqmı?
Cəmiyyət bu sualları müzakirə edir və bu müzakirə özü artıq sağlam prosesin göstəricisidir. Aydındır ki, gələcəkdə təhsil sahəsində daha ciddi strategiyalar, daha düşünülmüş qərarlar və daha geniş ictimai iştirak tələb olunacaq. Çünki təhsil yalnız şagirdlərin deyil, bir millətin gələcəyinin müəyyənləşdiyi sahədir.
Leyla Mirzə, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.