Söhbət tənqidlərdən düşərkən Nəriman Axundzadədən də danışılıb. 25 yaşlı müdafiəçi Nərimanın necə yaxşı insan olduğunu, “Futbol+”in sorğusunda qalib gələndən sonra komandada onu təbrik edən tək futbolçunun Nəriman olduğunu deyib:
“Onu tənqid edənlər futboluna görə tənqid edir. İnsanlığı haqda yox. Mərifətli, böyük-kiçik yeri bilən uşaqdı. Yeri gəlmişkən, səhv etmirəmsə, ilin futbolçusu seçiləndən sonra məni tək təbrik edən Nəriman oldu. Söhbət komandadakı dostlarımdan getmir. Qıraqdan bir dənə təbrik edən o oldu. Zəng elədi, danışdıq, söhbət etdik. Nərimanda hər şey qaydasındadı”.
Elvin Qurban Qurbanovun yayda onunla etdiyi söhbətdən də danışıb:
“Yayda Qurban müəllimlə görüşümüz oldu. Dedi ki, “Elvin, belə davam edəcəksənsə, yollarımızı ayırmaq istəyirəm. Sənə indiyə qədər çox güvənmişəm, indi də güvənirəm, amma bu millətə, bu azarkeşə qarşı səhv edə bilmərəm”. Mən də dedim ki, “müəllim, sizi yaxşı başa düşürəm. Nə nailiyyət, uğur qazanmışamsa, sizi sayənizdədi. Əziyyətiniz danılmazdı”. Söz verdim ki, özümdə çox dəyişiklik edəcəyəm, həm futbolçu, həm psixoloji olaraq özümü növbəti matçlara hazırlayacağam. Dedim ki, tam başqa Elvin görəcəksiz. Qurban müəllim də mənə inandığını dedi”.
MÜZƏFFƏR QULUZADƏ