AZ

Mədəniyyət Nazirliyi 787 min manatı “bir mənbə metodu”nu necə əsaslandırır?

787 min manatlıq “bir mənbə” sualı: normativ aktlar adı altında şəffaflıq problemi

Mədəniyyət Nazirliyinin normativ hüquqi aktlarının təkmilləşdirilməsi üçün 787 min 650 manat vəsait ayrılması cəmiyyətdə haqlı suallar doğurur. Nazirliyin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC-nin bu məqsədlə “Legit Solve Advisors” MMC ilə müqavilə bağlaması, üstəlik satınalmanın dövlət satınalmalarının vahid internet portalında deyil, “bir mənbə metodu” ilə həyata keçirilməsi diqqətdən yayınmır.

NOCOMMENT.az xəbər verir ki, qanunvericilik “bir mənbə metodu”na yalnız məhdud və əsaslandırılmış hallarda icazə verir. Bu metod əsasən fövqəladə vəziyyətlərdə, alternativ icraçının olmadığı və ya vaxt amilinin həlledici olduğu hallarda tətbiq edilməlidir. Lakin son illər müxtəlif dövlət qurumlarında bu metodla bağlanan müqavilələrin sayının artması onun artıq istisna deyil, adi praktikaya çevrildiyi təəssüratını yaradır.

Xüsusilə normativ hüquqi aktların təkmilləşdirilməsi kimi uzunmüddətli və fövqəladə xarakter daşımayan xidmətlər üçün açıq tenderin keçirilməməsi şəffaflıq və rəqabət prinsiplərini sual altına alır. Mütəxəssislər bildirir ki, açıq tender keçirilsəydi, daha aşağı qiymət və daha geniş seçim imkanı yaranardı.

Şübhəsiz, rəsmi qurumlar bu cür müqavilələri qanuni əsaslarla rəsmiləşdirdiklərini iddia edirlər. Lakin cəmiyyət üçün əsas məsələ qanuniliyin formal yox, məzmun baxımından təmin olunmasıdır. Dövlət vəsaitinin xərclənməsi nə qədər əsaslandırılmış və açıq olarsa, ictimai etimad da bir o qədər güclü olar. /Bizimesr.az/

Seçilən
32
2
nocomment.az

3Mənbələr