AZ

Suriya SDQ geri çəkilərkən stratejik körpüləri partladır

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Suriya ordusu ölkənin şimalında təhlükəsizlik əməliyyatlarını genişləndirdiyi bir vaxtda, Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdə infrastruktur obyektlərinə qarşı partlayışların baş verdiyi bildirilir.

TurkicWorld xəbər verir ki,Suriya Ordusu Əməliyyatlar Komandanlığının terror fəaliyyətlərinin qarşısının alınması məqsədilə başladığı əməliyyatlar fonunda, Hələb istiqamətindən geri çəkilən SDQ qüvvələrinin mümkün irəliləyişləri ləngitmək üçün körpüləri partlatdığı qeyd olunur.

Suriya rəsmi xəbər agentliyinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, SDQ-nin Rəsm əl-İmam və Rəsm əl-Kərum kəndlərini birləşdirən körpünü partlatmaq cəhdi ordu bölmələri tərəfindən qarşısı alınıb. Bildirilib ki, körpüyə yerləşdirilmiş partlayıcı maddələr zərərsizləşdirilib.

Digər məlumatda qeyd olunur ki, SDQ qüvvələri Deyr Hafir bölgəsində mövqelərini artilleriya atəşi ilə gücləndirib. Bu addım Suriya ordusunun Həmima kəndi ətrafında pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi əməliyyatlara cavab kimi qiymətləndirilir.

Hadisələr zamanı ölən və ya yaralananlarla bağlı rəsmi məlumat verilməyib.

Yayımlanan görüntülərə əsasən, SDQ-yə bağlı silahlı qruplar və əvvəlki rejimə aid silahlı elementlər Deyr Hafir ərazisində cəmləşir. Məlumata görə, SDQ 2024-cü ilin sonlarında yaranmış təhlükəsizlik boşluğundan istifadə edərək Hələbin şərqində yerləşən Deyr Hafir rayonuna nəzarəti ələ almışdı.

Suriya ordusu isə mümkün toqquşmaların qarşısını almaq məqsədilə bölgəyə əlavə hərbi qüvvələr və texnika göndərməyə başlayıb.

Suriya Energetika Nazirliyi SDQ qüvvələrinin Hələb şəhərinin içməli su təminatını hədəf alan fəaliyyətlərinin davam etdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, şəhər və ətraf kəndlər üçün əsas su mənbəyi olan Əl-Babiri Su Stansiyasında texniki müdaxilələr edilib.

Açıqlamada qeyd olunur ki, əsas kanala əlavə nasos yerləşdirilməsi nəticəsində su daşqını riski yaranıb və bu, Hələbin su təminatını, eləcə də təxminən 8 min hektar kənd təsərrüfatı sahəsini təhlükə altına salır.

Nazirlik Hələbə su daşıyan əsas kanal üzərində təzyiqi azaltmaq üçün əlavə drenaj kanalı açıldığını bildirib və mümkün fəsadlara görə məsuliyyətin SDQ tərəfində olduğunu vurğulayıb.

Suriya dövlət televiziyası bildirib ki, gün ərzində Fərat çayının qərbində yerləşən və SDQ-nin nəzarətində olan Deyr Hafir bölgəsində daha bir körpü partladılıb. Həmin körpünün Deyr Hafir ilə Suriya hökumətinin nəzarətində olan Hələbin şimal əraziləri arasında əsas keçid nöqtəsi olduğu qeyd edilib.

Suriya ordusu Deyr Hafir başda olmaqla Fəratın qərbində qalan SDQ nəzarətindəki əraziləri hərbi zona elan edib və bütün silahlı qüvvələrin çayın şərqinə çəkilməsini tələb edib.

Seçilən
69
turkic.world

1Mənbələr