London, 14 yanvar, AZƏRTAC
Böyük Britaniya hökuməti ölkədə işləmək hüququnu sübut etmək üçün rəqəmsal şəxsiyyət vəsiqəsinin məcburi olmasını nəzərdə tutan planlardan geri çəkilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni qərara əsasən şəxsin işləmək hüququnun yoxlanılması rəqəmsal üsulla məcburi olacaq, lakin işçilər rəqəmsal şəxsiyyət vəsiqəsi təqdim etməli olmayacaqlar. Onlar alternativ olaraq pasport kimi digər sənədlərdən də istifadə edə biləcəklər.
Bu dəyişiklik ötən il hökumətin elan etdiyi siyasətdən ciddi dönüş kimi qiymətləndirilir. Həmin vaxt Baş nazir Kir Starmer açıq şəkildə bildirmişdi ki, əgər rəqəmsal şəxsiyyət vəsiqəniz yoxdursa, Böyük Britaniyada işləyə bilməyəcəksiniz.
Qeyd edək ki, bu qərar hökumətin hakimiyyətə gəldikdən sonra etdiyi bir sıra siyasət dəyişikliklərinin davamıdır. Bunlara sosial təminat islahatları ilə bağlı geri addımlar, qış yanacaq ödənişlərinin azaldılması planlarından imtina və fermerlər üçün miras vergisi məsələsində mövqenin yumşaldılması daxildir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London