AZ

Taylandda vinç hərəkətdə olan qatarın üzərinə düşdü: 22 nəfər ölüb, azı 30 nəfər yaralanıb

Taylandda tikinti kranının (vinçin) hərəkətdə olan qatarın üzərinə düşməsi nəticəsində ağır qəza baş verib. Hadisə nəticəsində 22 nəfər həyatını itirib, azı 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Editor.az Tayland mətbuatına istinadla xəbər verir ki, hadisə səhər saatlarında paytaxt Banqkokdan ölkənin şimal-şərqinə doğru hərəkət edən sərnişin qatarı ilə bağlı qeydə alınıb. Qatarın üzərinə inşaat vinçinin düşməsi nəticəsində vaqonlardan biri relsdən çıxaraq aşıb.

Tayland polisinin verdiyi məlumata görə, hadisə Nakhon Ratchasima əyalətinin Sikhio rayonunda, Banqkokdan təxminən 230 kilometr şimal-şərqdə yerləşən yüksək sürətli qatar layihəsinin tikintisi zamanı baş verib. Tikinti sahəsində işləyən vinç qəfil çökərək hərəkətdə olan qatarın vaqonunun üzərinə düşüb.

Rəsmilər bildiriblər ki, qəza nəticəsində baş verən yanğın nəzarət altına alınıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qatarda olan sərnişinlərin dəqiq sayı ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr