Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası XIX əsrin yadigarıdır
Bakı, 14 yanvar, AZƏRTAC
Bakının mərkəzində yaraşıqlı görünüşü ilə diqqətini çəkən eyvanı mavi-yaşıl kaşılarla işlənmiş tağlı sütunları olan bir bina var. İlk baxışda memarlıq üslubu ilə diqqəti cəlb edən binanın tarixi XIX yüzilin ortalarından başlayır. 1850-ci ildə qədim İçərişəhəri dövrəyə alan qala divarları yaxınlığında inşa edilən birmərtəbəli karvansaraya sonralar daha bir mərtəbə də əlavə olunub. 1915-ci ildə onu “Metropol” mehmanxanasına çeviriblər. 1918-1920-ci illərdə isə həmin binada Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti fəaliyyət göstərib. Sonrakı on ildə onu Azərbaycan Həmkarlar İttifaqının ixtiyarına veriblər.
1939-cu ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində bina Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilib. 1943-cü ildə binanın fasadı və interyeri milli üslubda işlənərək eyvanında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Xurşudbanu Natəvan, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının möhtəşəm heykəlləri ucaldılıb. Həmin bina Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Dünyada yeganə ədəbiyyat muzeyi sayılan bu məkan xalqımızın qədim mədəniyyəti və zəngin ədəbi irsinin təbliğatçısı kimi şərəfli missiya daşıyır.
AZƏRTAC-ın fotomixbirinin lentə aldığı kadrlardan da görünür ki, qala divarlarının bir neçə metrliyindəki əzəmətli buna öz ornamentləri və bənzərsiz görkəmi ilə fərqlənir. İndi muzey kimi fəaliyyət göstərən bina mövcud olduğu müddətdə paytaxtda bir sıra tarixi hadisələrə şahidlik edib: kapitalist Bakısı, cümhuriyyətin qısa və unudulmaz dövrü, keşməkeşli sovet hakimiyyəti illəri, müstəqillik illərində gündən-günə inkişaf edən və ildən-ilə sosial simasına yeni naxışlar vurulan Şərq şəhəri... Şəhərin sakinləri və müsafirləri sütunlarında heykəllər ucalan gözəlliyi ilə zamana meydan oxuyan binanı tarixin bir parçası kimi seyr edirlər.