AZ

Regional sabitliyin “hidro” formulu

Transsərhəd imkanlar və Azərbaycanın ədalətli mövqeyi

Şirin su ehtiyatlarının azalması, demoqrafik artım kimi qlobal tendensiyalar su faktorunu tədricən geosiyasi təzyiq alətinə və milli suverenliyin strateji elementinə çevirib. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı, yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə səsləndirdiyi konseptual fikirlər, işğaldan azad edilmiş ərazilərdəki su infrastrukturunun bərpası və vaxtilə Ermənistan tərəfindən həyata keçirilən su terroru barədə bəyanatı ölkənin yeni hidro-siyasət strategiyasının konturlarını müəyyən edir. Dövlət başçısının “Sərsəng” və “Suqovuşan” su anbarlarının tamamilə yenidən qurulması və onların strateji əhəmiyyəti barədə vurğuladığı məsələlər Cənubi Qafqazın geosiyasi mənzərəsində Azərbaycanın diktə etdiyi yeni reallıqların təsdiqidir.

Tarixi və siyasi nöqteyi-nəzərdən yanaşdıqda Ermənistanın otuz ilə yaxın davam edən işğal dövründə yürütdüyü siyasətin mahiyyəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq planlı şəkildə ekoloji fəlakət və humanitar böhran yaratmağa hesablanmışdı. Prezidentin çıxışında istifadə etdiyi su terroru ifadəsi heç də təsadüfi seçilməmiş, əksinə, qarşı tərəfin əməllərinin hüquqi və siyasi qiymətini dəqiqliyi ilə ifadə edən terminoloji vahiddir. Tərtərçayın yatağında yerləşən və 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən “Sərsəng” su anbarı 560 milyon kubmetr su tutumu ilə regionun ən strateji hidrotexniki qurğusudur. Həmin nəhəng su hövzəsinin uzun illər işğal altında qalması Aşağı Qarabağın düzənlik rayonlarının, o cümlədən Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının yüz minlərlə hektar əkin sahəsinin suvarılmasını iflic vəziyyətinə salmışdı. Ermənistan rəhbərliyi sudan asimmetrik müharibə vasitəsi və siyasi şantaj aləti kimi istifadə etməklə regionda süni ekoloji gərginlik ocağı yaratmışdı. Bu cinayətkar fəaliyyət Avropa Şurası Parlament Assambleyasının 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnaməsində də öz əksini tapıb. Sənəddə Ermənistanın Azərbaycanın sərhədyanı rayonlarının əhalisini qəsdən sudan məhrum etməsi faktı təsdiqlənərək, bu əməllər ekoloji təcavüz kimi qiymətləndirilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar və xüsusilə 2023-cü ilin sentyabrında baş tutan lokal antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpası su terroruna birdəfəlik son qoymaqla yanaşı, regionun inkişafında yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin müşavirədə bəyan etdiyi kimi, hazırkı dövrdə hər iki strateji obyekt “Sərsəng” və “Suqovuşan” su anbarları tamamilə yenidən qurulmuş və ən müasir standartlara uyğunlaşdırılmışdır. “Sərsəng” su anbarının Azərbaycanın tam nəzarətinə keçməsi iqtisadi və siyasi baxımdan bir neçə mühüm strateji nəticə doğurur. İlk növbədə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kənd təsərrüfatı potensialının reanimasiyası və sürətli inkişafı təmin olunur. Yüz min hektara yaxın torpaq sahəsinin dayanıqlı suvarma suyu ilə təminatının yaxşılaşdırılması ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcək.

Məsələnin digər mühüm tərəfi hidroenerji potensialının reallaşdırılması və “yaşıl enerji” keçidinin sürətləndirilməsidir. “Sərsəng” və “Suqovuşan” üzərindəki su elektrik stansiyalarının bərpası və modernləşdirilməsi Azərbaycanın Yaşıl Enerji Dünyası naminə həmrəylik şüarı altında elan etdiyi qlobal təşəbbüslərin və daxili enerji strategiyasının tərkib hissəsidir. İşğaldan azad edilmiş ərazilərin Yaşıl Enerji Zonası elan edilməsi kontekstində sözügedən hidroqovşaqlar ekoloji cəhətdən təmiz enerjinin istehsalını təmin edərək regionun enerji dayanıqlılığını artırır və karbon emissiyasının azaldılmasına xidmət edir.

Dövlət başçısının müşavirədə toxunduğu məsələlərin təhlili göstərir ki, hazırkı mərhələdə həyata keçirilən nəhəng infrastruktur layihələri və strateji su obyektlərinin bərpası yaxın perspektivdə regionda baş verəcək bir sıra mühüm hadisələrin və qlobal trendlərin əsasını təşkil edir. Prosesdən sonra baş verə biləcək hadisələri siyasi-analitik yanaşma əsasında proqnozlaşdırdıqda, ilk növbədə, aqrar sektorun intibahı və ixrac diversifikasiyası diqqəti cəlb edir. “Sərsəng” su anbarının tam gücü ilə fəaliyyətə başlaması Qarabağ düzənliyində aqrar landşaftı kökündən dəyişdirəcək və regionun iqtisadi simasını yeniləyəcək. Azərbaycanın həyata keçirdiyi ekoloji layihələr beynəlxalq ekoloji təşkilatların diqqətini cəlb edəcək və Bakı COP29 tədbirindən sonrakı dövrdə də iqlim dəyişmələri ilə mübarizədə regional lider rolunu möhkəmləndirəcək.

Üçüncü vacib məqam transsərhəd su diplomatiyasında Azərbaycanın üstünlüyünün və geosiyasi mövqeyinin güclənməsidir. Cənubi Qafqazda su resurslarının idarə olunması üzrə yeni formatlar və əməkdaşlıq mexanizmləri yaranacaq. Ölkəmizin əsas su mənbələrini və anbarlarını nəzarətə götürməsi rəsmi Bakıya gələcək danışıqlarda, xüsusilə postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşması prosesində əlavə siyasi rıçaqlar verir. İrəvan hökuməti və onun havadarları anlamalıdırlar ki, regional əməkdaşlıq, mehriban qonşuluq olmadan su və enerji təhlükəsizliyini təmin etmək mümkün deyil.

Dördüncü istiqamət əhalinin məskunlaşması və Böyük Qayıdış prosesinin sürətlənməsidir. Su həyatdır və suyun olduğu yerdə sivilizasiya, inkişaf, məskunlaşma var. Su təminatının etibarlı və keyfiyyətli şəkildə həll olunması keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdış prosesini sürətləndirəcək, onların doğma yurdlarında dayanıqlı məskunlaşmasını təmin edəcəkdir.

Dövlət başçısının tapşırıqlarına əsasən su itkilərinin azaldılması və uçot sisteminin təkmilləşdirilməsi vacib vəzifələrdir. Köhnəlmiş infrastrukturda baş verən texniki itkilər və sudan qeyri-səmərəli istifadə ən azı suverenlik qədər vacib və strateji məsələlərdir. “Sərsəng” və “Suqovuşan”dan gələn suyun hər damlasının qızıl dəyərində olduğunu nəzərə alaraq fermerlər, istehlakçılar arasında maarifləndirmə işlərinin aparılması, sudan qənaətlə istifadə mədəniyyətinin formalaşdırılması müasir suvarma texnologiyalarına keçidin stimullaşdırılması tələb olunur. Dövlət subsidiya və güzəşt mexanizmləri vasitəsilə sahibkarları suya qənaət edən texnologiyalara yönəldəcək və resurslardan səmərəli istifadəni təşviq edəcəkdir. Prezidentin səsləndirdiyi su terroru faktı gələcəkdə Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırılacaq təzminat davalarında və ekoloji cinayətlərə görə məsuliyyətə cəlbetmə prosesində güclü hüquqi arqument rolunu oynayacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su strategiyası çoxşaxəli, kompleks və gələcəyə yönəlmiş xarakter daşıyır. Strateji kurs hərbi qələbəni iqtisadi inkişafa, iqtisadi inkişafı isə sosial rifaha və ekoloji tarazlığa çevirmək məharətidir. “Sərsəng”in bərpa olunmuş bəndi Azərbaycan dövlətçiliyinin sarsılmazlığının, iradəsinin və əbədiliyinin rəmzidir. Tarix bir daha sübut etdi ki, ədalət gec-tez zəfər çalır və haqqı tapdanan xalq öz liderinin ətrafında dəmir yumruq kimi birləşərək həm torpağını, həm də suyunu azad etməyə, tarixi ədaləti bərpa etməyə qadirdir.

Qarşıdan gələn illərdə Azərbaycanın suverenliyi, həm də su, ərzaq və enerji təhlükəsizliyinin tam təmin olunması ilə ölçüləcəkdir. Dövlət başçısının qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, rəsmi Bakı bütün qlobal və regional çağırışlara adekvat cavab verməyə, milli maraqları ən yüksək səviyyədə qorumağa və regionun inkişaf gündəliyini müəyyən etməyə qadirdir.

Yusif ŞƏRİFZADƏ
XQ

Seçilən
26
1
xalqqazeti.az

2Mənbələr