"Hazırkı imtahanlar şagirdin real bilik və bacarıqlarını ölçməməsi ilə bağlı yanaşmada müəyyən həqiqət payı var". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
.jpg)
Onun sözlərinə görə, hazırkı imtahanlar əsasən əzbərçiliyə və qısa müddətli yaddaşa əsaslanır, analitik düşünmə, problem həll etmə və yaradıcılıq kimi vacib bacarıqları isə kifayət qədər ölçmür: "Digər tərəfdən, yüksək riskli imtahanlar şagirdin bilik səviyyəsindən çox, onun stressə davamlılığını yoxlaya bilir. Bütün şagirdlər eyni meyarla qiymətləndirildiyi üçün fərdi inkişaf xüsusiyyətləri də nəzərə alınmır. Bu səbəbdən imtahan nəticələri çox zaman şagirdin real potensialını tam əks etdirmir.
Bununla belə, imtahanlar tamamilə faydasız deyil. Onlar müəyyən standart bilik səviyyəsini ölçmək və müqayisə aparmaq üçün lazımdır. Problem imtahanların yeganə qiymətləndirmə vasitəsi kimi qəbul edilməsidir.
Daha səmərəli alternativ isə qarışıq qiymətləndirmə sistemidir.
Bu sistemdə şagirdin layihələri, təqdimatları, yazı işləri və praktiki tapşırıqları portfel şəklində qiymətləndirilir, davamlı (formativ) qiymətləndirmə aparılır və standart imtahanlar yekun nəticənin yalnız bir hissəsini təşkil edir. Belə yanaşma şagirdin həm biliklərini, həm də real bacarıqlarını daha obyektiv şəkildə üzə çıxara bilər".