AZ

Harvard Universitetindən bağırsaq sağlamlığı üçün 5 qızıl qayda: Həzm sisteminizi gücləndirin

Bağırsaq sağlamlığı ümumi sağlamlığın əsas sütunlarından biridir. Çünki bağırsaqlar yalnız həzm prosesində deyil, immunitetin güclənməsində, əhval-ruhiyyənin tənzimlənməsində və maddələr mübadiləsində mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, Harvard Universiteti Tibb Məktəbi bağırsaq mikrobiomunu qorumaq və gücləndirmək üçün 5 sadə, amma təsirli tövsiyə təqdim edir.

Bağırsaqlarımızda yüzlərlə, hətta minlərlə müxtəlif bakteriya, virus və göbələk yaşayır. Bu mikroorqanizmlərin hamısına birlikdə “bağırsaq florası” deyilir. Bağırsaq florasının müxtəlifliyi nə qədər yüksəkdirsə, orqanizmin müdafiə sistemi də bir o qədər güclü olur. Sağlam mikrobiom həzmi yaxşılaşdırır, qida maddələrinin mənimsənilməsini artırır, iltihabı azaldır və bir çox xroniki xəstəliklərin riskini aşağı salır.

Birinci tövsiyə pəhrizə daha çox lif əlavə etməkdir. Lif prebiotik kimi çıxış edərək faydalı bakteriyaların çoxalmasına kömək edir. Bu, qəbizliyin qarşısını alır, yoğun bağırsağın sağlamlığını qoruyur və mikrobiomun balansını möhkəmləndirir.

İkinci tövsiyə kifayət qədər su içməkdir. Su həzmi asanlaşdırır, qida maddələrinin daşınmasını təmin edir və bağırsaq hərəkətlərinin normal qalmasına kömək edir. Susuzluq bağırsaq mikrobiotasının azalmasına və qəbizliyə səbəb ola bilər.

Üçüncü tövsiyə stressin idarə olunmasıdır. Stress hormonlarının artması bağırsaq fəaliyyətinə birbaşa təsir edir və ishal, qəbizlik, ürəkbulanma kimi problemlər yarada bilər. Nəfəs məşqləri, meditasiya və rahatlama texnikaları bu təsiri azaltmağa kömək edir.

Dördüncü tövsiyə kifayət qədər yatmaqdır. Mütəxəssislər gecə 7–9 saat yuxunu ideal hesab edirlər. Yuxu rejimi bağırsaq florasının balanslı qalmasında mühüm rol oynayır.

Beşinci tövsiyə fiziki aktiv olmaqdır. Həftədə 150–270 dəqiqə orta intensivlikdə idman bağırsaq mikrobiotasının müxtəlifliyini artırır və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.

Bağırsaqların düzgün işləməsi üçün probiotik və prebiotik qidalar da çox vacibdir. Kefir və turş kələm probiotik təsir göstərir. Banan, pırasa, ənginar, kərəviz, pomidor, soğan, noxud və şaftalı isə prebiotik qidalara daxildir. Ananas, gavalı, limon, alma, kivi və naringi kimi meyvələr də bağırsaq fəaliyyətini dəstəkləyir.

Bu sadə vərdişləri gündəlik həyatınıza daxil etməklə bağırsaq sağlamlığınızı gücləndirə və ümumi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
10
e-saglam.az

1Mənbələr