Bakı, 14 yanvar, Cavid Əliyev, AZƏRTAC
Vaxtilə “Qəbələ”də çıxış etmiş Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Ermin Zets AZƏRTAC-a müsahibə verib. O, bölgə təmsilçisində keçirdiyi dövr haqqında danışıb.
- Azərbaycan çempionatını və “Qəbələ”nin oyunlarını izləyirsinizmi? Komanda hazırda yaxşı vəziyyətdə deyil...
- Bəli, izləyirəm. Görürəm ki, son illərdə “Qəbələ”nin müəyyən problemləri olub. Dəqiq səbəbləri bilmirəm. Mən orada olanda klub çox yaxşı vəziyyətdə idi, heyətdə səviyyəli futbolçular var idi. Ümid edirəm ki, onlar vəziyyəti tezliklə stabilləşdirəcəklər və daha yaxşı nəticələr əldə edəcəklər.
- Azərbaycandakı həyatınızı necə xatırlayırsınız?
- Azərbaycanda vaxtım çox gözəl keçdi. Özümü evdəki kimi hiss edirdim. İnsanlar da yaxşı idi, klubda nəticələrimiz də uğurlu alınırdı. Qəbələ şəhərinin füsunkar təbiəti var idi. Paytaxt Bakı isə çox gözəldir.
- Hazırda nə ilə məşğulsunuz?
- Bosniya və Herseqovinada yerləşən “NK Iskra” klubunun prezidentiyəm. Klub bir vaxtlar böyük ad idi, lakin hazırda çətin dövr keçirir. Məqsədim klubu əvvəlki şöhrətinə qaytarmaqdır. Gənclərlə bağlı işi gücləndirməyə çalışırıq, yaxşı potensialı olan futbolçularımız var.
- Karyeranı tez başa vurdunuz. Səbəb nə idi?
- Bəlkə də bir az tez oldu. Tez-tez zədələnirdim və istəmirdim ki, gənc və perspektivli bir futbolçunun yerini tutum.
- Azərbaycanda kimlərlə dostluğunuz qalıb?
- İnstaqram üzərindən o vaxt bir yerdə oynadığım bir çox futbolçu ilə əlaqədəyəm. Bəzilərinin hələ də oynadığını görürəm, izləyirəm və onların çıxışlarına diqqətlə baxıram.
- “Qəbələ” heyətində ən yadda qalan oyununuz hansıdır?
- UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la keçirdiyimiz cavab oyunu. Çox gərgin və maraqlı qarşılaşma idi. Mənim həmin matçda bir neçə şansım olmuşdu, vaxtından əvvəl oyunun taleyini həll edə bilərdim, amma qaçırdım və içimdə fikirləşirdim ki, “indi hər şeyin günahkarı mən olacağam” (gülür). Amma xoşbəxtlikdən hər şey yaxşı sonlandı. Həm “Qəbələ”, həm də Azərbaycan futbolu üçün tarixi nəticə idi.
- Həmin dövrdə “Qəbələ”nin maliyyə imkanları güclü idi. Maraqlıdır, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığınıza görə nə qədər mükafat aldınız?
- Dəqiq rəqəm deyə bilmərəm, amma klub bu məsələdə çox ədalətli idi və yaxşı qazanc əldə etdik. Klub rəhbərliyi hər baxımdan düzgün davranırdı. Amma “Qəbələ”də ən böyük mükafatı “Panatinaikos”u məğlub edəndə almışdım.
- “Qəbələ”dən ayrıldıqdan sonra Azərbaycandan təkliflər almışdınız?
- Futbolçu kimi bir neçə maraq olmuşdu. Amma idman direktoru və ya məşqçi kimi hələ təklif almamışam. Türkiyədə və Azərbaycanda bu sahədə özümü sınamaq istərdim.