Qış aylarında müşahidə olunan depressiv əhval-ruhiyyə təkcə hava şəraiti ilə deyil, eyni zamanda sosial-iqtisadi problemlərlə də sıx bağlıdır. İşsizlik, bahalaşma, maddi çətinliklər və tənha qalma hissi qış depressiyasının dərinləşməsində mühüm rol oynayır. Maraqlıdır, qış depressiyası sosial problemlərlə (işsizlik, bahalaşma, tənha qalma) nə qədər əlaqəlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında psixoloq Günel Əkbərova bildirib ki, bu vəziyyəti anlamaq üçün Maslonun ehtiyaclar iyerarxiyasına diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, insanın özünü dəyərli və xoşbəxt hiss etməsi üçün bu pillələrin ardıcıl şəkildə ödənilməsi vacibdir:
“Maslo deyir ki, əgər ehtiyaclar şkalasında hər hansı bir pillədə axsaqlıq yaranarsa, insan yuxarı mərhələlərə keçə bilmir. Ən birinci pillə fizioloji ehtiyaclardır. Günəş işığı, yuxu, qidalanma kimi amillər bu qrupa daxildir. Qış aylarında günəş işığının azalması, günün tez bitməsi yuxu pozuntularına, enerji düşkünlüyünə səbəb olur. Bu da birbaşa psixoloji duruma təsir edir”.
Psixoloq qeyd edib ki, ikinci pillə təhlükəsizlik ehtiyaclarıdır və maddi vəziyyətlə sıx bağlıdır:
“İşsizlik qorxusu, bahalaşma, maddi sıxıntılar və sağlamlıq problemləri bu pilləni zədələyir. Qış aylarında xərclər artır, sağlamlıq problemləri daha çox üzə çıxır, sosial və maddi fərqlər daha aydın hiss olunur. Bu da depressiv halların artmasına səbəb olur”.
Günel Əkbərovanın sözlərinə görə, ilk iki pillədə problem olduqda üçüncü pillə – sevgi və aidiyyət ehtiyacı da zərər görür:
“Qışda günlər qısalır, havalar soyuyur, sosial aktivlik azalır. İnsanlar daha çox ev, iş arasında qalır. Ailə ilə daha çox vaxt keçirilsə də, daxildə olan problemlər bu dövrdə daha qabarıq şəkildə üzə çıxır. Sosial münasibətlərin zəifləməsi tənha qalma hissini gücləndirir”.
Psixoloq əlavə edib ki, dördüncü pillə hörmət və özünə dəyər, beşinci pillə isə özünü gerçəkləşdirmədir. Bu mərhələlərə çatmaq üçün alt pillələrin sağlam olması vacibdir:
“İnsan qış aylarında özünü daha çox depressiv hiss edirsə, ilk növbədə bu pillələrə baxmalıdır. Problem haradadırsa, məhz o mərhələ üzərində işləmək lazımdır”.
Günel Əkbərova qış depressiyası ilə mübarizə üçün bir sıra tövsiyələr də verib. Onun sözlərinə görə, günəş işığından maksimum istifadə etmək, yuxu və qidalanma rejimini tənzimləmək, təmiz havada gəzmək, meditasiya və nəfəs texnikalarından yararlanmaq faydalıdır. Eyni zamanda, məqsədsizlik hissinin qış depressiyasında əsas amillərdən biri olduğunu vurğulayan psixoloq kiçik hədəflər qoymağı və ən əsası, dəstək istəməkdən çəkinməməyi tövsiyə edib:
“İnsanlar qış depressiyasında daha çox içinə qapanır. Halbuki dərdləşmək, hisslərini dilə gətirmək və sosial dəstək almaq bu dövrü daha asan keçirməyə kömək edir”.
Aynurə İsmayıl
KONKRET.az
