İtaliyanın Toskana bölgəsində, Kastilyon Fiorentino şəhərində qeydə alınan və qısa müddətdə yüksək ölüm halları ilə müşayiət olunan qripəbənzər xəstəlik xəbəri cəmiyyətdə haqlı narahatlıq yaradıb.
Yerli medianın yazdığına görə, hətta COVID-19 pandemiyasının ən ağır dövrlərində belə bu qədər sıx ölüm halları qeydə alınmayıb. Şəhərdə ard-arda dəfn mərasimləri keçirilir, qonşu Aretso əyalətinin əsas xəstəxanasında əlavə dəfn salonları yaradılıb. Xəstəliyin dəqiq törədicisi, ölənlərin sayı və epidemioloji xüsusiyyətləri barədə rəsmi məlumatların hələlik açıqlanmaması isə vəziyyəti daha da qeyri-müəyyən edir.
Bəs, bu infeksiya Azərbaycana da gələ bilərmi və ölkəmiz üçün təhlükə ərz edirmi?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla NOCOMMENT.az açıqlamasında bildirib ki, hazırda mediada səslənən məlumatlara ehtiyatla yanaşmaq lazımdır.
Onun sözlərinə görə, “qripəbənzər xəstəlik” anlayışı çox genişdir və buraya mövsümi qrip virusları, respirator-sinsitial virus, adenoviruslar, metapnevmovirus, eləcə də COVID-19-un yeni variantları daxil ola bilər:
“Bəzi hallarda bu viruslar xüsusilə yaşlılarda, xroniki xəstəlikləri olanlarda və immun sistemi zəif şəxslərdə ağır fəsadlar verə, sətəlcəm və çoxorqan çatışmazlığı ilə nəticələnə bilər. Hələ törədicinin müəyyənləşdirilməməsi onun “tamamilə yeni və naməlum virus” olması anlamına gəlmir, sadəcə laborator təsdiq və genetik analizlər vaxt tələb edir”.
Mütəxəssisin fikrincə, mövsümi respirator infeksiyaların pik dövründə bir neçə virusun eyni vaxtda yayılması, əhalinin yaş strukturu, pandemiyadan sonra immunitetin zəifləməsi və bəzi hallarda gec müraciət ölüm riskini artıra bilər.
O, əlavə edir ki, bəzən adi qrip də düzgün nəzarət olunmadıqda və risk qruplarında çox ağır nəticələr verə bilir:
“Bu cür xəstəliyin Azərbaycanda yayılıb-yayılmaması sualına gəldikdə isə, qlobal dünyada hər hansı respirator virusun bir ölkə ilə məhdudlaşması çətindir.
Beynəlxalq səyahətlər, miqrasiya və ticarət əlaqələri nəzərə alındıqda, istənilən infeksiyanın başqa ölkələrə keçmə potensialı var. Bununla belə, panikaya əsas yoxdur. Azərbaycan artıq COVID-19 pandemiyası dövründə epidemioloji nəzarət, laborator diaqnostika və səhiyyə sisteminin çevik reaksiyası baxımından ciddi təcrübə qazanıb. Sərhəd-keçid məntəqələrində sanitar nəzarət, xəstəxanalarda müşahidə və laborator monitorinq mexanizmləri mövcuddur və şübhəli hallar dərhal araşdırıla bilər”.
Professorun fikrincə, hazırkı mərhələdə ən vacib məsələ rəsmi beynəlxalq qurumların – ÜST və Avropa səhiyyə strukturlarının açıqlamalarını izləmək, təsdiqlənməmiş şayiələrə uymamaqdır:
“Əhali üçün isə tövsiyələr dəyişməz qalır: mövsümi qripə qarşı peyvəndlənmə, əl gigiyenasına riayət, kütləvi və qapalı məkanlarda xəstəlik əlamətləri olan şəxslərlə təmasdan çəkinmək və qripəbənzər simptomlar olduqda vaxtında həkimə müraciət etmək.
İstənilən yeni epidemiya təhlükəsinin qarşısının alınmasında ən güclü silah erkən məlumat, düzgün diaqnoz və məsuliyyətli davranışdır”.