Mənəvi dəyərlər estafeti necə davam etdirilir?
Azərbaycan mədəni irsi xalq musiqisi, şifahi söz sənəti, tarixi abidələr, milli mətbəx kimi qədim dəyərlərlə zəngin bir xəzinədir. Əsrlər boyu qoruyub saxladığımız bu miras həm də nəsillər arasında əhdnamədir. Lakin bu mədəni estafet bəzən pozulub, bəzən isə təhriflərə məruz qalıb. Qaynaqlarda, müxtəlif mənbələrdə də həqiqəti danmaq, onu yalan örtüyünə bürümək hər zaman ən böyük xəyanət sayılıb. Çünki yaddaşı dəyişmək, kimliyi sarsıtmaq deməkdir. Yer adlarının başqa adlarla əvəzlənməsi, abidələrin mənşəyinin saxtalaşdırılması, sözün kökündən qoparılması, musiqinin təhrif olunması gerçəkliyə kölgə salmaq, haqq nahaqqa verməkdir.
Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu bildirdi ki, Azərbaycanın zəngin mədəni irsinin bərpası və gələcək nəsillərə ötürülməsi böyük əhəmiyyət kəsb edir:
– Milli-mənəvi dəyərlərimiz mahiyyət etibarilə bəşəri məzmun daşıyır. Milli dəyər dedikdə, ilk növbədə, onun özünəməxsusluğu nəzərdə tutulur, təbiidir ki, milli olan həm də bəşəriliyi təsdiq edir. Bu gün dünyada qloballaşma prosesi sürətlə gedir. Bu proses, təəssüf ki, bir çox hallarda milli dəyərlərin mahiyyətinə zərbə vurur. Milli dəyər daşıyıcılarının düşüncəsində suallar, tərəddüdlər yaradır. Bu sualların cavabını biz, ilk növbədə, mədəni irsimizdə tapırıq. Mədəni irs bizim mənəvi qaynağımızdır və bu qaynağa sırf mənəvi yöndən yanaşmaq zəruridir.
Tarixə baxsaq, görərik ki, milli dəyərlər konkret şəxsiyyətlər və nümunələr üzərində özünü daha aydın göstərir. Məsələn, Babəkin timsalında qəhrəmanlıq, azadlıq və vətənə sədaqət milli dəyər kimi təcəssüm edir. Eyni şəkildə, Füzulinin şəxsində insanın müqəddəsliyi, insan münasibətlərində mənəvi məsuliyyət anlayışı, sevginin uca sayılması dəyər kimi formalaşır. Nəsimi isə insanı ucaldan, ona ali məna verən fəlsəfi baxışın rəmzidir.
Sözsüz ki, xüsusi olaraq muğam sənətini qeyd etməliyik. Muğam insan mənəviyyatının ən dərin qatlarının ifadəsidir. Azərbaycan musiqisinin zirvəsi olan muğam habelə Şərqin, bütövlükdə Bəşərin (Dünyanın) ali mənəviyyat ifadəçisidir. Muğamların yaranmasında əsas Şərq xalqları iştirak edib, ancaq bu gedişdə muğamın tarix boyunca daha aydın, mənalı, ruhlu, sistemli, fəlsəfi özünüifadəsi xalqımıza aiddir desək, yanılmarıq.
Muğam yaradıcılığı başdan-başa fəlsəfədir, insanın həqiqət yolçuluğunun harayıdır. Başqa tərəfdən, Azərbaycan fəlsəfəsi tarix boyunca daha çox poeziyamızda ifadə olunub. Nəsiminin, Füzulinin yaradıcılığı buna örnəkdir. Muğam mahiyyətcə fəlsəfədir. Bu fəlsəfə çağımızın etalonlaşmış fəlsəfi terminləri ilə ifadə olunmaya bilər, ancaq ilahi-insani məzmununu, bənzərsizliyini bütün dolğunluğu ilə qoruyub saxlayır.
Azərbaycan musiqisinin yaşı qədim olduğu qədər də özümüzəməxsusdur, bəşəridir, əvəzsizdir, habelə, çağdaşlığa uyğundur. İnsan cəmiyyətləri ardıcıl yeniliyin, inkişafın ifadəsi olaraq yaranır. Həyata münasibətin əslliyi tələbi insanların mənəviyyat axtarışlarının qarşısıalınmazlığından qaynaqlanır. İnsanın mənəviyyat axtarışları tükənmir, hər cür texniki inkişaf mahiyyətcə insana gerçəkdən böyük mənəvi ümid qaynağı ola bilmir, ancaq bu gedişdə imkanlar yaratdığı danılmazdır. Çağdaş texnoloji inkişafın insanların, ulusların ömrünə gətirdiyi bəlaların miqyası getdikcə artır. Bütövlükdə, bəşərin halsızlığı ortadadır: insanı qurtaracaq çıxış yollarının tapılması isə imkansız görünür. İnsan bu durumdan çıxış yolunu yenə də özünün milli-insani imkanlarının daha ciddi, yaradıcı, irəliyə doğru, ümidli axtarışları ilə tapa bilər.
Sənət bu gedişdə hər an böyük mənəvi yardımçımızdır. Azərbaycanın zəngin mənəvi tarixinin kökləri bu torpaqların qədimdən bəri yiyəsi olduğumuzu sübut edir. Əcdadın dünyaya, həyata, təbiətə, insana münasibətinin özülündə duran bənzərsiz yaradıcılıq çeşidləri ruhunun tükənməzliyinin – dünyaya, həyata, insana, təbiətə inamının, heyranlığının, hiddətinin ifadəsi idi. Bu prosesdə əcdadın ardıcıl döyüşkənliyi yaranırdı. Bu döyüşkənlikdə gerçəkliyi ötən idrak var idi. Yurd yaradan, qədim dünyanın amansız qaydalarından ötə olub, varlığını – insanlığını hər şeydən uca tutan əcdad dilində, folklorunda, mədəniyyətində, incəsənətin bir çox sahələrində, ayrıca olaraq, musiqidə varlığını təsdiq edirdi.
Alim bildirdi ki, bu təsdiqetmə ötəri deyil, qalıcı olub. Onu sübut edən dəyərlərimizdən biri də bənzərsiz aşıq sənətidir:
– Zəngin həyati müşahidəçilik, gerçəkliyi ötən musiqi duyumu və ifaçılıq örnəyi, əlvan ifaçılıq çeşidləri, bitməyən özünüifadə məqamları aşıq sənətinin Türk ruhundan yarandığını təsdiqləyirdi. Ana sazımızın səsində əcdadın yenilməzliyi, təbiəti öyməsi, özündən – ruhundan bilməsi var idi. Bu gedişdə yetkin, o çağadək olmayan ifalar ard-arda yaranırdı, qətiyyən bir-birini təkrarlamırdı.
Bu ifalarda insan xarakterinin zamanı aşan dözümünün, dəyanətli kədərinin, habelə, yerə-göyə sığmayan fərəhinin ifadəsi var. İnsanın halını bu dərəcədə universal ifadə etmək gələnəyi yaradan aşıq sənəti aşığın timsalında xalq ruhunun yaradıcısı və qoruyucusudur.
Aşıq bu sənətin bilicisidir. Aşıqsız saz, sazsız aşıq yoxdur. Aşıq sənəti ümumən ulusallığın birləşdirici, mahiyyətinin ifadəedici, tükənməyən güc qaynaqlarındandır. Azərbaycan aşıq sənəti xəqli qədimliyə xas olduğu dərəcədə sabahlıdır, yəni gələcəklidir. Bunu yaradan, var edən ulusal milli ruhdur, ancaq bəllidir ki, bu ruhun konkret daşıyıcıları var.
Azərbaycan aşıq sənəti xəlqi dəyərdir. Ümumən dəyərlik halı hər şeyə aid edilə bilməz. Xəlqi dəyər xəlqi mənəvi sərvətin ifadəsidir.
Əlbəttə, ilk növbədə, saz havalarının şəxsində onun dəyərliyinin mahiyyəti bilinir. Dəyərlik o deməkdir ki, ulusun xarakterik keyfiyyətləri ifadəsini tapmış olsun. Aşıq sənətində bu mənada əcdad türkün qüdrətilə zərifliyinin birliyini görmək olur. “Yanıq Kərəmi”də əcdadın bu cəhəti bütün aydınlığı ilə üzə çıxır.
Erməni musiqisində isə belə bir sistem mövcud olmayıb. Təxminən 15 il öncə mətbuatda bir yazı oxumuşdum. Başlıq belə idi: “Moskvada “Heyvagülü” davası”. Yazıda maraqlı və düşündürücü bir faktdan bəhs edilirdi. Moskvada keçirilən irimiqyaslı tədbir zamanı azərbaycanlı tələbələr erməni tələbələrin hamının yaxşı tanıdığı melodiyanı öz havaları kimi (guya ki, havanın adı “Hayvakuran” imiş) təqdim etdiklərini görürlər. Təbii ki, bu məsələ azərbaycanlı tələbələrin etirazına səbəb olur, tədbir iştirakçıları arasında mübahisə yaranır. Belə faktlar bir deyil, beş deyil, kifayət qədər çoxdur. Söhbət məşhur “Heyvagülü” havasından gedir. Halbuki “Heyvagülü” havası hamının bildiyi, kökü bəlli olan, Azərbaycan ruhuna xas, milliliyimizi bütün çalarları ilə təsdiq edən musiqi örnəyimizdir. Bu havanın müəllifi çağdaş Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədədir.
Azərbaycan balabanının özünəməxsusluğu xalqımızın xarakteri – inam, idrak, mənəviyyat, iradə keyfiyyəti ilə bağlıdır. Əlbəttə, bu kimi mənəvi-ruhsal keyfiyyətlər hər bir ulusda (xalqda) bu və ya başqa səviyyədə var, ancaq yaradıcılıq və özünəməxsusluq məhz bənzərsizliklə (hər xalqın həyatının müxtəlif sahələrində – dövlətçilikdə, ictimai düşüncədə, incəsənətdə və s. öz yaradıcılığını ortaya qoyması ilə) şərtlənir.
Azərbaycan balaban sənətinin özünəməxsusluğu bu gün də yaşamaqdadır. Minillərdən bəri xalq ruhumuz balabanda ciddi, davamlı, yaradıcı şəkildə yaşadılır. Ancaq bu baxımdan bir əsas qayğımız var: ayrıca olaraq son illərdə yeni balaban havaları, demək olar, yaradılmır. Yaradılırsa da, yaddaqalan olmur. Ən azı, “Heyvagülü”, “Alçagülü”, “İnnabı” və b. kimi havalar asan yadda qalır, heç zaman adiləşmir. Deməli, bugünkü yaradıcı nəsil də sadəcə, ifaçılıqla kifayətlənməməli, Azərbaycan muğam sənətinə, aşıq sənətinə, zurna-balaban sənətinə dərindən bələd olmalı, musiqi mədəniyyətimizin gözəl bilicisi olaraq yetişməlidirlər. Başqa bir qayğımız isə “aranjeman” adı altında Azərbaycan aşıq, zurna-balaban havalarının belə müəyyən mənada təhrifə uğradılmasıdır. Bu da yeni havacat yaratma istəklərini, demək olar, adiləşdirir.
Deməli, sabahımızda Azərbaycan balaban sənətinin, və b. yaradıcı sənətlərin ruhumuzun ciddi soraqları olmasını istəyiriksə, ilk növbədə, balabançılarımız bunun bənzərsiz ifaçısı, həm də ciddi özül əsasında yaradıcısı olmalıdırlar.
Müxtəlif dövrlərdə və müxtəlif platformalarda Azərbaycan musiqi nümunələrinin mənimsənilməsi, müəllifliyinə şübhə yaradılması halları ilə dəfələrlə rastlaşmışıq. Məhz buna görə də milli-mədəni irsin qorunması, müəllif hüquqlarının tanınması və mədəniyyətimizin sistemli şəkildə qorunması zəruridir.
Xatırladaq ki, təxminən bir həftə öncə Azərbaycan xalq musiqi irsinin incilərindən olan “Sarı gəlin” mahnısının İran dövlət telekanalında yayımlanması ictimai rezonans doğurub. Belə ki, mahnı Araz Torosyanın ifasında erməni və fars dillərində “Sarı ağçik” adı ilə təqdim edilib, efirdə erməni musiqisi kimi qələmə verilib.
Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi araşdırmaya başlayıb. Agentlikdən bildirilib ki, yayımla əlaqədar hüquqi və mədəni aspektlər öyrənilir, xalq mahnısının mənşəyi və təqdimat forması diqqətlə təhlil olunur. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq addımların atılması istisna edilmir.
Əməkdar mədəniyyət işçisi Sənubər Kərimova isə mövzu ilə bağlı söylədi ki, “Sarı gəlin”imizə sahib çıxmalı, millətimizin əvəzsiz sərvəti olan bütün milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə əmanət etməliyik:
– “Sarı gəlin” mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var. Kimi sarışın olduğuna görə, kimi adının Sarı olmasına görə, kimi “Apardı sellər Saranı” xalq mahnısındakı Sara adının digər fonetik variantı kimi fərziyyələr irəli sürür, kimi də türkünün əfsanələrdən qaynaqlandığını bildirir. Bir versiyaya görə isə “sarı” sözü çox qədimdən, İslamdan əvvəldən gəlir və təkcə rəng anlamında işlənmir. Mənəvi sarsıntıların emosional ifadəsi olaraq insanın daxilindəki “sarı simə” eyham vurur. Yəni “sarı” sözü rəmzi məna daşıyır, adətən, insanların həssas məqamında özünü göstərir. Qəlbləri titrədən, duyğuları coşduraraq dillə ifadə edilməsi mümkün olmayan belə bir məqamı insanlar tarın kövrək, yandırıb-yaxan sarı siminin səsinə bənzədərək “ürəyimin sarı siminə toxundun” kimi deyim işlədirlər.
Azərbaycan türklərində “sarı” sözü, sarı rəng təbiətin dörd fəslindən birinin, saralıb-solmaq, təşviş keçirmək, nisgilli, bədbəxt, nakam olmaq rəmzi, gerçəkliyin şərti (mücərrəd) inikası kimi anlaşılmışdır. Faktlara müraciət edək. İlk olaraq türkdilli xalqların ədəbiyyat tarixində sorağı çox uzaq əsrlərdən gələn, qeyri-adi cazibəsi ilə insanı ahəngruba kimi özünə çəkən, qədimliyi və cahanşümul ecazkarlığı ilə dünya alimlərini heyrətə salan “Kitabi-Dədə Qorqud”a nəzər salaq. “Kitabi-Dədə Qorqud”un “Qanturalı” boyunda Trabzon təkurunun qızı sarı donlu Selcan xatunun ata evində sarı don geyinməsi onun təşviş, həyəcan keçirməsi ilə əlaqədardır.
Çünki atası şərt qoymuşdu: “O l qızın 3 canvər qalınlığı qaftanlığı vardır. Hər kim o 3 canvəri basa – yenə, öldürsə, qızımı ona verirəm” – deyə vəd eləmişdi. Basmasa, başın kəsərdi... Ol üç canvərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. Bunların hər birisi bir əjdəhaydı...”.
“Sarı” sözünün rəmzi məna kəsb etdiyi belə nümunələrin sayını xeyli artırmaq olar. Bəs uzaq keçmişimizdən bəri yana-yana, inləyə-inləyə bizə yön alan, mizrabını ürəyimizin sarı siminə vuraraq bizi öz sehrinə salan “Sarı gəlin” kimdir? Qənaətimə görə, “Sarı gəlin” milli adət-ənənəmizin, mənəvi dəyərlərimizin saxlancı, nisgilli gəlin haqqında elegiya – musiqi pyesidir. “Sarı” sözünün çox qədimdən, islamdan əvvəl gəldiyini və təkcə rəng anlamında deyil, mənəvi sarsıntıların emosional ifadəsi olaraq rəmzi məna daşıdığını irəli sürən versiyanı dəstəkləmək düzgün olardı.
Türkünün həzin, kövrək musiqisi və nisgilli misraları bizi belə düşünməyə sövq edir. Şeirin məzmunundan belə anlaşılır ki, sevgililəri bir-birindən ayırıb qızı erkən başqasına ərə vermişlər. Milli saxlanca əsasən, aşiq onu bir daha görə bilməz. Nakam məhəbbətinə ağı deyərək “bu sevda nə sevdadır, səni mənə verməzlər”, – deyə özünü mühakimə edən aşiq məhəbbətindən əl çəkə bilmir, “Nola, bir gün görəm, nazlı yarın üzünü”, – deyə inləyir.
“Sarı gəlin” mahnısı “Şur” məqamında yazılıb. Bu sistemin öz qanunları, terminologiyası, ifa ardıcıllığı var. Muğam fərdi fantaziya deyil, kollektiv musiqi yaddaşının məhsuludur. Erməni musiqi ənənəsində isə belə bir sistem mövcud olmayıb. Tarixi mənbələrdə, musiqişünaslıqda və praktiki ifa mühitində ermənilərə məxsus muğam məktəbi, muğam terminləri və muğam ənənəsi yoxdur. Erməni xalq musiqisi əsasən sadə ladlı mahnılara, kilsə ilahiləri və məhdud improvizasiya imkanlarına əsaslanır.
Digər mühüm məqam muğamın dil və poeziya ilə ayrılmaz bağlılığıdır. Muğam sözsüz oxuna bilsə də, onun zirvəsi xanəndəlik sənətidir. Xanəndə isə Azərbaycan dilində oxuyur. Muğamın melodik vurğuları, pauzaları və emosional yüksəlişi dilin fonetik imkanlarına uyğun formalaşıb. Erməni dili və poeziyası isə bu melodik struktura uyğun deyil və tarixən də muğamla birgə inkişaf etməyib.
Muğamın alət tərkibi də onun milli mənsubiyyətini açıq göstərir. Tar, kamança, balaban kimi alətlər muğamın əsas daşıyıcılarıdır və bu alətlər Azərbaycan musiqi mədəniyyətində formalaşıb, təkmilləşib. Xüsusilə tarın müasir forması və ifa texnikası məhz Azərbaycan musiqisinə aiddir. Ermənilərdə isə bu alətlər olmayıb.
Müsahibimiz əlavə etdi ki, “Sarı gəlin” zaman-zaman, diyar-diyar türk ellərini dolaşmış, hər kəs öz nisgilinə uyğun “Sarı gəlin” yaratmışdır. Son zamanlar “Sarı gəlin” türküsünə heyranlıq daha da artmışdır:
– Qloballaşan dünyamızda bu türkünü təkcə türkdilli xalqlar deyil, digər xalqlar da çox sevirlər. İndi də “Sarı gəlin”lə əlaqədar mətbuatda, internet səhifələrində mübahisə gedir. Elm adamları, millət təəssübkeşləri, müğənnilər, musiqiçilər, sıravi vətəndaşlar əsl həqiqəti sübut etməyə çalışırlar.
İslamdan əvvəl Oğuz tayfalarının ortaq musiqi mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar musiqi mədəniyyətini daha çox bu intonasiyada inkişaf etdirmişlər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxmışdır.
İntonasiyasına görə çox arxaik olan “Sarı gəlin”i tütək və balabanla ifa etdikdə daha təsirli alınır. Bu mənada, həmin musiqinin məhz tütək, daha sonra isə balabanla müşayiət olunması elmi dəlillərlə təsdiq edilmişdir. Tütəyin yanıqlı səsi, türkünün bayatı nəzmli misraları ilə harmoniya yaradaraq dinləyəni duyğulandırır. M.V.Vidadi yazmışkən, “ox kimi bağrını dəlir”. Bu səbəbdəndir ki, millətindən asılı olmayaraq “Sarı gəlin”i dinləyən hər kəs onun sehrinə düşür.
Müsahibimizin söylədikləri bir daha təsdiq edir ki, musiqi beynəlmiləl və ümumbəşəri incəsənət sahəsidir. Onun üçün dil maneələri, tərcüməyə ehtiyac yoxdur və millətlərin sivil dəyərləri sonradan bütün bəşəriyyətin olur. Mədəni irs keçmişin yadigarı, xalqın kimliyinin, tarixinin və ruhunun daşıyıcısı, gələcək nəsillərə kimliyimizi çatdırmağın ən mühüm yoludur.
Hazırladı:
Fidan ƏLİYEVA
XQ